Arvadını döyən kişi kənddəki evinə dustaq edildi Qusarda şok olay

HADİSƏ 23 mar 2023, 18:06
Qusar rayonunda 1963-cü il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusarın kəndlərindən birində baş verib. Vüqar 10 dekabr 2022-ci ildə, saat 09.30-da arvadı Vüsalə ilə mübahisə edib və daha sonra onu döyüb. 

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vüsalə onun arvadıdır: “Sərxoş olduğuma görə arvadım məni nalayiq söyüşlərlə söyüb və evdən qovub. Dekabrın 10-da yaşadığım evdə arvadım mənimlə mübahisə etdi və ev özünə məxsus olduğunu bildirdi. Həmin vaxt “ala sənə ev” dedim və əlimi qabağa edəndə əlim onun dodağına dəydi. Onun dodağından qan gəldi. Mübahisə vaxtı yanımızda heç kim olmayıb. Uşaqlarımız başqa otaqda olubş Arvadımı heç vaxt döyməmişim. Bizim aramızda daimi mübahisələr olub”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalənin sözlərinə görə, əri Vüqar mütəmadi olaraq spirtli içki qəbul edib: “Ailəsinə baxmayıb və evdə buna görə narazılıqlarmız olub. Ərim heç bir yerdə işləmir, ancaq spirtli içki içib, axşamlar mənimlə mübahisə edir. Hadisədən əvvəlki gün çörək birişib evə gəldim. Halsız olduğum üçün sobanın yanına oturdum. Həmin vaxt Vüqar gələrək sinəmə və başıma yumruqla vurdu. Özümdən getdim. Ora gələn uşaqlarımız Vüqarı sakitləşdirdi. Axırıncı dəfə işdən qayıdıb evdə yemək yeyən vaxt ərim gəlib sifətimdən yumruqla vurdu”.

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qusar rayonunun kəndində olan evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Təqsirləndirilən şəxsin cəzasını yaşayış yeri üzrə çəkməsi müəyyən edilib. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top