Deputat: "İran Azərbaycandakı agenturasının ifşasını həzm edə bilmir"

GÜNDƏM 14 mart 2023, 13:29
"İran hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrin sərhədlərimizin üzərindən nümayişkaranə şəkildə uçması bu dövlətin Azərbaycana yönəlik düşmənçiliyinin göstəricisidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri İran molla rejimi açıq və ya örtülü şəkildə barışmaz mövqe sərgiləyib, Qarabağın işğal olunmasında Ermənistana hərtərəfli yardım göstərib:

"44 günlük müharibədən sonra isə tam azğınlaşıb, ölkəmizə qarşı açıq mübarizəyə keçibdir. Təyyarə şousunda əsas məqsədləri, bizə növbəti dəfə hədə-qorxu gəlmək, öz siyasətimizdən daşındırmaq istəyidir. Aydın məsələdir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması məsələsini bütün beynəlxalq səviyyələrdə qaldırır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək bu yolun açılmasını mollakratiya qəbul edə bilmir. 

Eyni zamanda dünyəvi dövlət yolunu tutmuş Azərbaycanın günü-gündən inkişafını, güclənməsini özü üçün təhlükə olaraq görür. Cənub qonşumuz İraq, Suriya, Yəmən, Livan kimi ölkələrdə apardığı siyasəti, Azərbaycanda da həyata keçirməyə cəhd edirdi. Həmin ölkələrdə yetişdirdiyi terrorçu qruplar vasitəsilə dövlət idarəetmə sisteminə müdaxilə edir, ictimai-siyasi sabitliyi pozur. 

İran son 30 ildən artıq bir müddətdə Azərbaycanda da agentura şəbəkəsini qurub və sadə insanların dini inanclarından sui-istifadə etməklə, xeyli tərəfdar toplamağa nail olubdur. Bu insanların bəziləri Ocaq Necat kimi nağılbazların psixoloji təsiri altında Azərbaycan dövlətinin əleyhinə belə iş aparmaqdan çəkinmirlər". 



Deputat qeyd edib ki, son zamanlar xüsusi xidmət orqanlarımız SEPAH və "Ettelaat" agentlərinin ifşası istiqamətində ciddi tədbirlər həyata keçirir:

"İran təbii ki, bunu həzm edə bilmir və Azərbaycandakı agenturasının ifşa olunması ilə barışmaq istəmir. İran belə primitiv hərəkətlərlə heç nə əldə edə bilməyəcək. Əksinə, layiq olduğu cavabı alacaqdır. 
Müharibədən sonra bir neçə dəfə belə təxribatlara əl atdı. Hər dəfə də cavabı artıqlaması ilə verildi. Bu dəfə də veriləcək. Onsuz da dünya birliyinin bu ölkəyə qarşı münasibəti birmənalı olaraq mənfidir. Ölkə iqtisadi sanksiyalardan, sosial narazılıqlardan boğulur. İranın Ermənistandan başqa, bir dövlət belə dostu yoxdur. Bizim üçün ən təhlükəlisi, İranyönlü, əsl islam dini ilə ziddiyyət təşkil edənlərin ölkənin daxilində təşkilatlanmasıdır. Onların bir çoxunun gözləri tutulub. Sosial şəbəkələrdə kortəbii şəkildə, mollaları müdafiə edir, ən çətin anlarda müdafiəmizə qalxmış qardaş Türkiyənin rəhbərliyi barədə çoxsaylı iftiralar yazırlar. Buna imkan verməməliyik".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 noyabr 2024, 22:10
Top