“Ermənistan Türkiyəyə yardım göndərməkdə səmimi deyil” — Deputat

GÜNDƏM 08 fev 2023, 17:13
"Ermənistanın Türkiyəyə yardım etməsi hələ onun bütövlükdə münasibətlərin normallaşdırılması istiqamətində mövqe tutacağı kimi qəbul olunmamalıdır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputatın fikrincə, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu gün Türkiyəyə qarşı ittihamlarından əl çəkməyib, manipulyasiyalar etməkdədir:

"Ermənistan dövlətinin və erməni xalqının mahiyyətini bilən hər kəs Ermənistanın səmimiliyinə inanmır. Qardaş Türkiyədə zəlzələ nəticəsində xəsarət alanlara münasibətdə humanizm nümayiş etdirən Ermənistan indiyədək Azərbaycan xalqına qarşı qanlı cinayətlər törədib. Uşaq, qadın, yaşlı demədən azərbaycanlıları qətlə yetirib. Yəni, bu cür cinayətlərə, əli qana bulaşmış dövlətin, xalqın hər hansı humanist addımının da səmimi olacağını düşünmürəm. Elə Ermənistan münasibətlərini normallaşdırmaq istəyirsə, qardaş Türkiyəyə münasibətdə əsas atacağı addım ondan ibarət olardı ki, saxta soyqırım iddiasından əl çəkdiyini elan etsin. Lakin bu əsassız iddiaları bütün platformalara daşımaqdadır. Buna görə də, hesab edirəm  ki, Ermənistan Türkiyəyə yardım göndərməkdə səmimi deyil". 

Deputat daha sonra bunları əlavə edib:

"Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqaz regionunda Azərbaycanın başlatmış olduğu sülh prosesinə mane olmaq istəyənlər üçün ciddi siqnal olmalıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi,  Azərbaycana və Türkiyəyə qarşı çıxmaq istəyənlər Azərbaycan-Türkiyə birliyini mütləq nəzərə almalıdır. Hesab edirəm ki, qardaş Türkiyənin  indiki vəziyyətdə səmimi  dostları onların yanındadır. Əgər Ermənistan da bundan sonra konstruktiv mövqe sərgiləmək istəyirsə,  təbii ki, bu şans onun üçün tanınır. Biz də qardaş Türkiyənin hər zaman Ermənistanla münasibətlərində  normalaşmasının tərəfdarı olmuşuq. Amma Ermənistan  bir sıra əsassız iddialarından birdəfəlik əl çəkməlidir. Əl çəkməyəcəyi təqdirdə, Ermənistanın bu və ya digər məsələlərlə bağlı atmış olduğu addımlarda səmimiyyətinə inanmaq haqqında düşünərik".

Nəzrin
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top