Soğanın qiyməti niyə iki dəfə bahalaşıb?

İQTİSADİYYAT 08 fev 2023, 09:57
Son aylarda soğan regional səviyyəli müzakirələrin mövzusuna çevrilib. Tərəvəzlər arasında ən çox istehlak olunan soğan həmişə “həmkarlarına” nisbətən arxa planda olub: bir qayda olaraq, müzakirə mövzusuna xiyar, pomidor və sairlər çıxıb. Son 3-4 ildə isə soğan dəfələrlə ölkələrarası münasibətlərin mövzusuna çevrilib. Səbəb isə insan sağlamlığında mühüm müsbət rolu olan soğana yanaşmanın dəyişməsi, onun istehlakının sürətlə artmasıdır.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən, 1980-ci ildə dünyada soğan əkinlərinin sahəsi 1,62 milyon  hektar təşkil etdiyi halda, 2020-ci ildə bu rəqəm 5,5 milyon hektara çatıb. Qlobal soğan istehsalı isə 22-23 milyon tondan 2022-ci ildə 100 milyon tona qədər artıb. Dünyada adambaşına soğan istehlakı göstəricisi isə ildə 8 kq-dan 13 kq-a yüksəlib. Qlobal soğan ticarətinin natural həcmi 9 milyon ton civarındadır. Dəyə ifadəsində isə soğan ticarətinin həcmi 20 ildə 3 dəfədən çox artaraq 2021-ci ildə 52 milyard dolları keçib.

Hazırda dünyanın 170-dək ölkəsində soğan istehsal olunsa da, ixracla çox az sayda ölkə məşğuldur. Qlobal soğan ixracında birinci yer Niderlanda məxsusdur. Daha sonra Hindistan, Çin, İspaniya, Meksika, Misir, ABŞ və sair ölkələr gəlir...

Aydındır ki, tələbatın artması soğanın qiymətinə də təsirsiz ötüşmür. Bir qayda olaraq istehsalçı ölkələrdə  bu məhsul yığım dövründə ucuz olsa da, qalan vaxtlarda bahalaşma qeydə alınır. Azərbaycanda da yayda  - məhsul yığımı dövrü və ondan sonrakı 4-5 ayda soğan ucuz olur, yanvar-aprel aylarında isə qiymət xeyli bahalaşır. Bu il də yanvar ayının ortalarından daxili bazarda soğanın qiyməti 50-60 qəpikdən 1,5-1,6 manata qədər bahalaşıb. Ötən ilin eyni dövründə qiymət 1-1,2 manat təşkil edirdi. Bu il qiymətlərin belə bahalaşmasının əsas səbəbi region ölkələrində gedən proseslərdir.

Belə ki, regional bazarı soğanla təmin edən Türkiyədə 2022-ci ildə istehsal 6 faiz azalmaqla 2 milyon 350 min tona düşüb. Avropadan artan tələbat qarşılığında ixracın sürətlə çoxalması  Türkiyə hökumətini 2022-ci ilin noyabrından Azərbaycan və daha bir neçə ölkə istisna olmaqla, soğan ixracını məhdudlaşdırmağa vadar edib. Asiyada Qazaxıstan, Qırğızıstan, Özbəkistan,Tacikistan yanvar ayından soğan ixracını tam dayandırıblar. Səbəb isə bu bölgədə son 40 ildə ən kəskin soyuqların düşməsidir: nəticədə açıq anbarlarda saxlanan soğan ehtiyatlarının xeyli hissəsini don vuraraq istehlaka yararsız hala gətirib. Hazırda Qazaxıstan istisna olmaqla, qalan 3 ölkədə daxili tələbatı ödəyəcək qədər soğan ehtiyatı yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin verdiyi məlumata görə, Ukraynada kommersiya məqsədləri üçün soğan istehsalının təxminən 80 faizinin cəmləşdiyi cənub rayonlarının işğalı dünya bazarına ən azı 20 min ton soğanın çıxarılmasını məhdudlaşdırıb. Digər tərəfdən, Ukrayna Polşa, Rumıniya, Moldova, Azərbaycan, Qazaxıstan və Türkiyədən soğan idxal etməyə məcbur olub ki, bu da həm regionda, həm də ölkə daxilində soğanın qiymətinin qalxmasına səbəb olub. Yeni ilin əvvəlində qiymətlər dekabr ayının sonu ilə müqayisədə 12 faiz artıb.

O qeyd edib ki, Rusiyada soğan ötən ilin sonu ilə müqayisədə 6,3 faiz bahalaşıb: “Hazırda bu ölkədə soğanın orta topdansatış qiyməti 0,32-0,35 ABŞ dolları/kq arasında dəyişir. Pakistanda 2022-ci ilin ortalarında baş verən daşqınlar soğan əkinlərinin əhəmiyyətli hissəsini məhv edib. Nəticədə dünyanın böyük ixracatçılarından olan Pakistan idxalçıya çevrilib, İrandan, Özbəkistandan, Türkiyədən, hətta Əfqanıstandan soğan tədarük etməyə başlayıb. İranda mövsümi amillərlə yanaşı ölkənin cənubunda yağan yağışlarla əlaqədar olaraq daşınmada fasilə yaranıb, eləcə də Pakistana və İraqa soğan ixracı artıb.

Türkiyədə soğanın topdansatış qiyməti 0,60 ABŞ dolları/kq-a yaxınlaşır. Gürcüstanda soğanın topdansatış qiyməti 0,60 ABŞ dolları/kq-a qalxıb ki, bu da ötən illə müqayisədə 2 dəfə yüksək qiymətdir. Bahalaşmanın Türkiyə, İran və Misirdə təzə məhsul çıxana - may ayına qədər davam edəcəyi ehtimal olunur".

F.Fikrətzadə hesab edir ki, bir sıra ixracatçı ölkələrdə daxili bazarı tənzimləmək üçün ixraca qoyulan qadağalar yaxın gələcəkdə soğana tələbatı artıracaq, qiymətlərin bahalaşmasına təkan verəcək: “Həmçinin martın 23-dən başlayaraq aprelin 22-dək davam edəcək Ramazan ayında bir çox ölkələrdə soğana tələbatın artması da qiymətlərin yüksəlməsinə səbəb olacaq. Artıq Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində bazar iştirakçıları soğanın topdansatış qiymətlərinin 1 ABŞ dolları/kq səviyyəsinə çatmaq perspektivindən açıq şəkildə danışırlar. Bu isə o deməkdir ki, pərakəndə satış qiymətləri görünməmiş həddə - 1,5-2 ABŞ dolları/kq-a qalxa bilər”.

Regional və qlobal bazarda soğanın qiymət artımının səbəbləri aydın olduğuna görə Azərbaycandakı ajiotajı nələrin yaratdığını bilmək maraqlı olardı.

Ölkənin ərzaq balansından aydın olur ki, Azərbaycanda əhalinin illik soğan istehlakı 250-270 min ton civarındadır. Daha 29-30 min ton itkiyə gedir. Hər ilin yekununda növbəti ilə 45-50 min ton soğan ehtiyatı ilə keçirik. 2021-ci ildən 2022-ci ilə isə 52 min ton ehtiyatla keçmişik. Yerli soğan istehsalı davamlı olaraq artaraq illik 280-285 min ton civarına çatıb. Soğan əkini sahələri ildən-ilə azalır - 2019-cu ildəki 12,4 min hektardan 2021-ci ildə 11,6 min hektara düşüb. Buna baxmayaraq, məhsuldarlığın artması istehsalda davamlı yüksəlişi təmin edir.

Azərbaycanda soğan üzrə yerli istehsal tələbatdan yüksək olsa da, 2020-2021-ci illərdə soğan idxalında kəskin artım qeydə alınıb. 2020-ci ildə xaricdən 13,5 min ton, 2021-ci ildə isə 12,5 min ton soğan almışıq. Halbuki 2018-ci ildə cəmi 167 ton soğan idxal etmişdik. 2022-ci ilin 11 ayında soğan idxalı cəmi 205 ton təşkil edib.

İxraca gəlincə, burada da azalma var. 2017-ci ildə 57 min tonluq ixracımız 2021-ci ildə 13,8 min tona qədər azalıb. İxrac 2022-ci ilin avqustuna qədər 8,2 min ton təşkil edib. Növbəti aylarda artaraq noyabrın yekununda 12,2 min tona yüksəlib.

Təəssüf ki, 2022-ci ildə ölkədə nə qədər soğan istehsal  olunduğuna dair məlumatı rəsmi statistika hələ açıqlamayıb. Bu baxımdan, 2022-ci ildə istehsalın tələbatı qarşılayacaq həcmdə olub-olmadığını söyləmək mümkün deyil. Lakin ilin 11 ayında ölkəyə soğan idxalının cəmi 205 ton təşkil etməsi göstərir ki, ixraca tələb yoxdur, yəni yerli istehsal bazardakı tələbatı təmin edəcək qədərdir. Yanvarın əvvəllərinə qədər qiymətin ənənəvi səviyyədə - 50-60 qəpik civarında olması da göstərir ki, ölkədə soğanın qiymət artımı üçün iqtisadi əsaslar yoxdur.

Lakin yanvarın ortalarından etibarən soğanın qiymətində iki qatdan çox bahalaşma getdi. Üstəlik, fevralın əvvəlində Nazirlər Kabineti onun ixracını müvəqqəti olaraq qadağan etdi. Nazirlər Kabinetinin bu qərarı bir neçə səbəbdən qəbul etməsi mümkündür. Birincisi budur ki, regionda tələbatın və qiymətlərin kəskin artmasından istifadə edən sahibkarlar ixracı kəskin artırıblar. Təəssüf ki, dekabr-yanvar aylarında soğan ixracına dair statistika hələ əlçatan deyil. Ondan əvvəlki dövr üçünsə ixrac normal həcmdə olmaqla, illik göstəricidən kənara çıxmayıb.

Hökumətin soğan ixracını dayandırmasının digər səbəbi regional bazardakı proseslərin Azərbaycan bazarına psixoloji təsirinin qarşısını almaqdır: adətən qlobal bazarda hansısa məhsulun qiyməti artırsa, Azərbaycanda iqtisadi əsas olmasa belə, həmən analoji proses gedir. Bu baxımdan, hökumətin bu dəfə vaxtında addım atdığını söyləmək olar: ixracın dayandırılması soğan ehtiyatlarına malik sahibkarları məcbur edəcək ki, bazara daha çox məhsul çıxartsınlar. Əks halda, aprelin ortalarından faraş soğan bazara daxil olacaq və keçən ildən qalan soğan kəskin dəyərsizləşəcək. Üstəlik, soğan elə nadir məhsullardandır ki, onu heç 1 il də saxlamaq mümkün olmur. Yəni bu gün ehtiyatları bazara çıxarmayan sahibkar 2 aydan sonra ya ondan tamamilə məhrum olacaq, ya da qiymət fərqindən ciddi zərər çəkəcək.

Bütün bunlar deməyə əsas verir ki, əgər 2022-ci ildə soğan istehsalı kəskin azalmayıbsa, istehsal həcmləri daxili tələbatı təmin etməyə imkan verirsə, tezliklə Azərbaycan bazarında bu məhsulun qiymətində azalma müşahidə olunacaq...

“Yeni Müsavat”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top