“Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi yer tutur” — ŞƏRH

SƏNAYE VƏ ENERGETİKA 06 fev 2023, 14:29
“Artıq hər kəs dərk edir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tutur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Yusif Bağırzadə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin I iclasları haqda danışarkən deyib. 

Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olduğunu qeyd edən ekspert əlavə edib ki, bu layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb:

"Bu bəyannamə layihənin icrasının başlanğıc mərhələsi sayılır. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb". 

Politoloq qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

"Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin I iclaslarında bir daha səsləndirildi. Enerji təhlükəsizliyi həqiqətən də artıq milli təhlükəsizlik məsələsidir. Elə cənab prezident də iclasdakı çıxışında bu məqama toxunaraq, dünyanın dəyişdiyini və enerji təhlükəsizliyinin hər bir ölkə üçün əhəmiyyətinin hər keçən gün artdığını dedi. Bu gün tam məsuliyyəti ilə demək olar ki, qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşması fonunda Azərbaycanın oynadığı rol birbaşa olaraq Avropanın enerji təhlükəsizliyində, yəni həm də milli təhlükəsizliyində xüsusi yer tutur. Enerji sahəsində Avropa ölkələrinin Azərbaycana üz tutması da başa düşüləndir. Çünki bu gün üzləşdiyi böhranlı vəziyyət Avropanı alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə, sadiq və etibarlı tərədaşa ehtiyac var. Azərbaycan isə uzun illər ərzində etibarlı tərəfdaş olduğunu sübut edib. Odur ki, ölkəmiz sadiq tərəfdaş olaraq Avropa üçün ən optimal variantdır". 

"Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu xüsusi olaraq qeyd olunmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Yəni, Cənub Qaz Dəhlizi ideyası məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb”, - deyə politoloq sonda fikirlərini yekunlaşdırıb.

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top