Söz azadlığından dəm vuran Ələsgər Məmmədli tənqidə dözə bilmədi

GÜNDƏM 03 fev 2023, 18:52
3 fevral 2023-cü il tarixində yayımladığımız “Media reyestrinə qarşı hücumlar və səbəbləri: niyə indi? — İRAN İZİ...” sörlövhəli məqalədə son dövrlər “Media haqqında” qanuna və Media Reyestrinə qarşı aparılan kampaniyasının səbəblərini araşdırmağa, bunun arxasında dayanan məqsədləri izah etməyə çalışmışdıq.

Məsələ ona görə diqqət çəkirdi ki, adətən Azərbaycanla bağlı beynəlxalq səviyyəli gündəm olanda ölkə daxilində bəlli qruplar gündəmdənkənar, belə demək mümkünsə, yersiz iddialar, ittihamlar tirajlayır və bu təcrübəyə əsasən gəlinən nəticə belədir ki, burada birdən çox məqsədlər var. Bu qruplar beynəlxalq diqqəti öz ittihamlarına çəkməyə çalışır. Həmçinin, gündəmdə olan məsələni diqqətdən kənarlaşdırır, arxa plana keçirirlər.

Təbidir ki, bu məsələlərdə adətən kənar qüvvələr də maraqlı tərəfdirlər. İndi də eyni proses müşahidə edilir. İranda Azərbaycan Səfirliyinə qarşı törədilən terror aktının beynəlxalq gündəmdə olduğu vaxt “Media haqqında” qanun və Media Reyestri məsələsi üzərindən manipulyativ kampaniyanın başlanması və reket jurnaslitika ilə məşğul olanların gündəmə gətirdiyi mövzunun bəlli qruplar tərəfindən tirajlanması suallar yaradır. Adıçəkilən məqalədə bu suallara cavab tapmağa çalışmışdıq və bu məsələdə iştirak edən, xüsusilə reket jurnalistləri dəstəkləyən media üzrə ekspert Ələsgər Məmmədlinin də niyə belə etdiyini sorğulamışdıq. Ancaq Ələsgər Məmmədli adının çəkilməsinə görə bizi təhdid etdi, məhkəməyə verməklə hədələdi.

Təbii ki, hər bir vətəndaşın məhkəməyə müraciət etmək kimi müstəsna hüquqi var, Ələsgər Məmmədli də bundan istifadə edə bilər. Amma və lakin... Axı Ələsgər Məmmədli haqqında hansısa təhqirə, yaxud şərəf və ləyaqətini alçaldan ifadəyə yol verilməyib və ya onun nüfuzunu ləkələyəcək sözlər işlədilməyib. Sirr deyil ki, bu cür kampaniyaları, xüsusilə hökumət əleyhinə olan işləri Avropa fondları maliyyələşdirir və adətən ölkədən Avropa Məhkəməsinə nə qədər çox iş gedərsə, qrantlar da bir o qədər çox olur. Media cameəsinə yaxşı məlumdur ki, bu prosesdən qrant əldə edənlər var. Biz də Ələsgər Məmmədlinin niyə reket jurnalistləri müdafiə etdiyini sorğulayanda belə məlumatların olduğunu qeyd etmişik. Ələsgər Məmmədlinin birbaşa kimdənsə pul aldığını, yaxu bu prosesdə necə iştirak etdiyini qeyd etməmişik, ehtimallar irəli sürmüşük. Ələsgər Məmmədli isə bizi açıq şəkildə təhdid edir.

O zaman sual yaranır, ay, Ələsgər Məmmədli, jurnalistlərin hüquqlarından, söz və ifadə azadlığından danışırsınız, amma mediaya qarşı dözümsüzlük nümayiş etdirirsiniz? Necə olur ki, “reket jurnalistləri” müdafiə edəndə, yaxud Avropadan alınan qrantlarla layihələr həyata keçirəndə demokratiyadan, söz azadlığından bəhs edirsiniz, amma adınızın keçdiyi hansısa məqaləyə görə bir media orqanını məhkəmə ilə hədələyirsiniz? Axı Azərbaycanda diffamasiya ilə bağlı qanunun qəbulunu ən çox siz tələb edirsiniz, bəs, niyə bir məqaləyə görə dərhal məhkəməyə üz tutmaq istəyirsiniz? Bəlkə “Diffamasiya haqda” qanunun qəbulu məsələsi də aldığınız qrant layihələrinə uyğun olduğu üçün danışırdınız, indi qrant, yəni pul yoxdur, onda indiyə qədər “müdafiə etdiyiniz” prinsipləri bir kənara tullayırsınız? Ay Ələsgər Məmmədli, özünüzə kənardan da baxın, sizcə siz jurnalistlərin hüquqlarını müdafiə edirsiniz, yoxsa bu hüquqlar sizə yalnız qrant almaq üçün lazımdır? Sizə elə gəlmirmi ki, bu hədəniz söz azadlığının pozulmasıdır və əslində elə söz azadlığına qarşı ən böyük pisliyi elə siz edirsiniz?!

Zaur Hacılı
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top