“Avropada islama və müxtəlif dinlərə qarşı dözümsüzlük var” — Deputat

SİYASƏT 03 fev 2023, 16:05
"Təəssüf ki, bu gün dünyada islamafobiya hökm sürür. Halbuki, qlobalizmin geniş vüsət aldığı müasir dövrdə tolerantlıq, dözümlülük və qarşılıqlı anlaşma kimi dəyərlər ikinci plana inteqrasiya etməməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.  

"Dünyanın “demokratiya beşiyi” sayılan ölkələrdən zaman-zaman islam dininə qarşı xoşagəlməyən bəyanatlar səslənsə də, sivilizasiyanın beşiklərindən sayılan qoca şərqdə isə müxtəlif dinlərə mənsub şəxslər, hətta icmalar və abidələr vardır. Azərbaycanda müxtəlif dinlərin mədəniyyət abidələri hələ də var və onlar hökumət tərəfindən tarixi memarlıq abidəsi kimi mühafizə olunur,  hətta müəyyən vaxtlarda restavrasiya da edilir. Təbii ki, bu dövlətimizin multikulturalizm siyasətindən irəli gəlir. Bu gün Avropada islama və müxtəlif dinlərə qarşı dözümsüzlük var. Bu da ayrı-ayrı vaxtlarda qarşıdurmalara gətirib çıxarır. Dünyada dini dözümsüzlük, diskriminasiya bir çox dinlərə qarşı həyata keçirilirsə də, xüsusilə islam dininə qarşı aktlar öndədir. İslam dininə  qarşı baş verən bu xoşagəlməz faktlar dünyanın aparıcı dövlətlərinin diqqətindən də yayınmır. Lakin hələ də bunun qarşısı alınmayıb. Dünyada bir sıra çoxmillətli və çoxdinli ölkələr olsa da, multikultural həyat tərzini tam şəkildə rədd edən, primitiv insan hüquq və azadlıqlarını təmin etməyən dövlətlər də mövcuddur. Mən düşünürəm ki, istər islam dini istərsə də, digər mövcud olan dinlərə qarşı ayrı seçkilik dayandırılmalı, insanlar dini mənsubluğuna görə ayrı-seçkiliyə məruz qalmamalıdır. Bunun üçün dövlətlərə də çox iş düşür".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top