Gənc oğlan qıza söz atdı, üstünə gələn qardaşına xəsarət yetirdi – Bakıda şok olay

KRİMİNAL 02 fev 2023, 12:51

Bakının Binəqədi rayonunda 2000-ci il təvəlüdlü Asif tanışı Valehə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 30-da Biləcəri qəsəbəsində baş verib. 

Asif dəmir yolunun Biləcəri stansiyası ərazisində fəaliyyət göstərən, ofisiant işlədiyi “Sahil” adlı çayxanada olarkən tanışı Valehlə mübahisə edib. Mübahisə zamanı onun burun nahiyəsindən başı ilə bir zərbə vurub, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Biləcəri qəsəbəsində ailəsi ilə birlikdə yaşayır:

“Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən “Sahil” adlı kafedə ofisiant kimi işləmişəm. İyulun 30-da, saat 18.15-də əvvəllər tanıdığım Valeh adlı şəxs işlədiyim kafenin həyətinə gəldi, kobud formada məni yanına çağırdı. Həmin vaxt müştərilərə çay verdim. Bu zaman Valeh mənə yaxınlaşdı, heç bir söz demədən qolu ilə boynumdan tutaraq sıxdı. Mən də onun qolundan çıxdım və burun nahiyəsinə bir dəfə kəllə ilə vurdum. Orada olan digər şəxslər bizi ayırdılar”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Valeh həmin vaxt ona qarşı nalayiq ifadələr işlədib, ona bacısına sataşdığını bildirib: “Bu zaman polis əməkdaşları bizə yaxınlaşdılar. Onlar bizi sakitləşdirdilər və məni Valeh ilə birlikdə polisə bölməsinə dəvət etdilər. Biz də polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdik”. 

Cinayət işi üzrə zərərçəkmiş Valehin sözlərinə görə, Biləcəri qəsəbəsində ailəsi ilə birlikdə kirayə yaşayır: “İyunun 3-da qonşuluqda yaşayan tanışın Baba adlı şəxsin yaşadığı evdə onunla bir qədər spirtli içki qəbul etdik. Sonra birlikdə söhbət etməyə başladıq. Söhbət əsnasında Baba Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən “Sahil” adlı kafedə ofisiant işləyən Asif adlı şəxsin mənim bacıma söz atmaq istədiyini bildirdi. Asif hadisədən bir neçə gün əvvəl Babaya mənim bacısımdan xoşu gəldiyini, söz ataraq tanış olmaq istədiyini söyləmişdi. Babanın bu sözləri məni əsəbləşdirdi. Dərhal Babanın yaşadığı evdən çıxdım və Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən “Sahil” adlı kafeyə gəldim”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, Asifi kafenin həyətinə çağırıb: “Onunla söhbət etmək üçün boynundan tutaraq kənara çəkmək istədim. Bu zaman Asif əlimdən çıxdı və burun nahiyəmə bir dəfə kəllə ilə vurdu. Orada olan digər şəxslər bizi dərhal ayırdılar”.

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Asif 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Asifin üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top