“Azad olunmuş ərazilərdəki vergi güzəştlərinin müsbət təsiri olacaq”

İQTİSADİYYAT 29 yan 2023, 22:41
Demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Bu gün ölkəmizdə regionların sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzində saxlayır. Sirr deyil ki, regionların inkişafı Qarabağımızın işğaldan azad edilməsiylə yeni mərhələyə qədəm qoydu.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda sürətli sosial-iqtisadi inkişafa nail olunur. İnfrastruktur yenilənir, quruculuq, abadlıq işləri həyata keçirilir, yeni müəssisələr yaradılır, iş yerləri açılır, əhalinin məşğulluğu təmin edilir. Ələlxüsus, turizmin inkişafı üçün münbit şərait yaradılır. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi qətiyyətli, uzaqgörən siyasət, bütün xalqın maraqlı olduğu ümummilli bir hədəfdir.

Regionların inkişafı ilə əlaqəli bir neçə dövlət proqramının qəbul olunduğunu deyən Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, bölgəllərdə müəyyən istiqamət üzrə dəstək proqramları həyata keçirilib. Ekspertin sözlərinə görə, bu proqramlardan sonra əksər regionlarımızın infrastrukturu - yol, işıq, qazla bağlı işlər tamamlanıb:

“Qeyd edim ki, bütün bunlara baxmayaraq, regionlardakı iqtisadi fəallıq Abşeron ərazisindən çox geri qalır. Azərbaycan iqtisadiyyatının demək olar ki, 90 faizindən əksəriyyəti Abşeron ərazisində formalaşıb. Regionlarda artıq infrastrukturun tamamlanması və buna əlavə olaraq işğaldan azad olunmuş ərazilərimizin də iqtisadiyyata daxil edilməsi düşünürəm ki, yaxın zamanlarda göstəricilərin lehinə dəyişəcək. Çünki Qarabağdakı böyük quruculuq, tikinti işlərində kifayət qədər əmək qüvvəsinə ehtiyac var. Bu işçi qüvvələrinin inşaat sektorunda və s. paytaxtın regionlara yönəlməsinə, eyni zamanda inşa edilən qəsəbələrə, şəhərlərə, məcburi köçkünlərin qayıdışı başladıqdan sonra regionlarda müxtəlif istiqamətdə, həm də kənd təsərrüfatı ilə əlaqəli müsbət tendensiya ortaya çıxacaq. Burada xüsusən də son günlərdə region və işğaldan azad olunmuş ərazilərdəki vergi güzəştləri, investisiya təşviqlərinin tətbiq edilməsinin də müsbət təsiri olacaq. Burada bir başqa istiqamət də Prezident İlham Əliyevin keçən ay Albaniya, bir neçə Avropa ölkəsinə, daha sonra Səudiyyə Ərəbistanına səfəri zamanı gündəmə gətirdiyi “Yaşıl enerji dəhlizi” proyektlərindən bir neçə sərmayə həm Türkiyə, həm Ərəbistan sərmayəsi işğaldan azad  olunmuş ərazilərə kifayət qədər canlanma gətirəcək. Eyni zamanda, Qarabağın ərazisindəki müxtəlif faydalı qazıntıların çıxarılması və turizmlə əlaqəli layihələrin də müsbət təsirləri olacaq. Dolayısıyla biz yaxın illərdə regionların daha da inkişafını görəcəyik”.

Müsahibimiz əlavə edib ki, sadəcə işğaldan azad olunan ərazilərdə deyil, Azərbaycanın digər yerlərində də  artıq infrastrukturla əlaqəli ciddi bir problem yoxdur:

“Eyni zamanda, kifayət qədər təşviq var. Yəni, subsidiyalar, kənd təsərrüfatı məhsulları istehsalında fermerlərə verilən dəstəklər, məhsulların saxlanılması, kameraları və s. mövcuddur. Amma yenə də fermerlərin inkişafına dəstəklə əlaqəli, xüsusilə onların intensiv kənd təsərrüfatı istehsalına başlaması və kənd təsərrüfatı korporativləri quraraq, daha güclü bir şəkildə ənənəvi Rusiya bazarından daha çox Avropaya, ABŞ-a kənd təsərrüfatı məhsullarının satışının, eyni zamanda ekoloji-təmiz kənd təsərrüfatı məhsulu istehsalının artırılmasının, regionlarımızın turizm infrastrukturunun inkişafını dəstəklənməsinin bu istiqamətdə müsbət təsiri olar. Başqa bir dəstək də regionlarda sahibkarlara kredit verilərkən, paytaxtdakı faizlər qədər verilməlidir, ən azı bank faizləri regionlarda daha bahadır.

Düzdür, əvvəllər ionlardan alınan kreditlərin qaytarılmaması riski daha çox idi və bu da bir az regionlarda həyata keçirilən müxtəlif investisiyaların bəzi rentabelliyinin ölçülmədən həyata keçirilməsindən qaynaqlanırdı. Artıq qeyd etdiyim kimi Azərbaycanın iqtisadiyyatı kifayət qədər dinamik inkişaf edir. Neft sektorunda əldə edilən gəlirlərin qeyri-neft sektoruna yatırılması istiqamətində və işğaldan azad olunmuş ərazilərin də iqtisadiyyata qatılmasıyla yaxın zamanlarda canlanma hiss ounacaq. Bu canlanma həm Qarabağ ərazisində, həm də digər rayonlarda olacaq. Çünki orada həm kənd təsərrüfatının inkişafı, həm turizm sektorunun inkişafı, mədən sənayesinin inkişafı, eyni zamanda sahibkarlara fermerlərə verilən dəstəyin artırılması bu istiqamətdə müsbət təsir göstərəcək. Burada həm vergi güzəştlərinin tətbiqi, həm kənd təsərrüfatına subsidiyaların tətbiqi kənd təsərrüfatı idarələrinin yaradılması bunların hamısı müsbət təsir göstərir. Son vaxtlarda xüsusilə həyata keçirilən müxtəlif kənd təsərrüfatı istiqaməti üzrə dövlət proqramları, həm taxılçılıq, həm pambıqçılıq, həm ipəkçilik bu istiqamətdə regionlarımızın daha planlı bir şəkildə dəstəklənməsi cəlbediciliyi artıracaq və bu da yaxın zamanlarda paytaxtdakı sıxlığın müəyyən qədər azalmasına səbəb olacaq”.

İqtisadçı ekspert Rauf Qarayevin sözlərinə görə, paytaxta axının bir sıra səbəbləri mövcuddur:

“İlk növbədə axının məqsədinə baxmaq lazımdır. Əgər regionlarda iş yeri ilə bağlıdırsa, o halda  Niderland nümunəsinə nəzər yetirək. Niderland, İsveçrə nümunələrində görünən odur ki, şirkətlər kəndlərdə iş yerlərinin açılmasında maraqlıdır və bu şirkətlər orada müəyyən üstünlüklər qazanır.

Qeyd edək ki, bu gün kəndlərdə həyat səviyyəsi aşağıdır və deməli, burada iş yerləri açılsa, daha çox əmək haqqı verilməyəcək. Lakin məsələ tək əməkhaqqında deyil. Məsələ ondadır ki, şirkət məhsulun maya dəyərinin aşağı olması üçün təsiredici faktorları var. Bunlardan biri də işçi qüvvəsinin müasir tələblərə cavab verməsidir. Görünən odur ki, Avropa ölkələrinə baxanda, belə kadrları kəndlərdə tapmaq çətin olacaq və yetişdirmək də maliyyə xərci tələb edir. Demək kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan şirkətləri kəndlərə cəlb etmək lazımdır. Birinci işçi qüvvəsi ucuzdur, ikinci isə peşəkar kadrlara elə də çox ehtiyac yoxdur və müəyyən kadrları kurslara cəlb etməklə onlara müəyyən bilik vermək olar. Üçüncüsü, regionlarda istehsal olunan kənd təsərrüfatı məhsullarına aşağı vergi faizi tətbiq edilməlidir. Dördüncü kreditlər həmin şirkətlərə güzəştli verilməlidir”.

Ekspertin sözlərinə görə,  məhsullarının satılması üçün də şərait yaradılmalıdır:

“Bu amillər kənd təsərrüfatı məhsulu ilə məşğul olan şirkətləri kəndlərə cəlb edə bilər. Bu şirkətlər daimi nəzarətdə olmalıdır ki, onlar qeydiyyatı kənd yeri edib, gedib misal Bakıda fəaliyyətlə məşğul olmasın. Burada məhsul dedikdə isə təkcə meyvə, tərəvəz yox, heyvan kəsimləri, süd, yağ istehsalı, yəni kəndə aid olan məhsullar nəzərdə tutulmalıdır. Müasir tələblərə cavab verən kadrların yetişməsi üçün Kənd Təsərrüfatı Nazirliyi ortaya konkret iş qoymalıdır. Kənd yerlərində bundan əlavə əl əməyindən suvenerlərin hazırlanması, acaq yonma və sair istehsalında sexlərin də açılması zəruridir. Hətta, rəssamlar və heykəttaraşlar üçün də kəndlərdə iş yerləri yaratmaq olar”.

R.Qarayev Qarabağda görülən işlərin çox mühüm olduğunu qeyd edib:

“Qarabağa gəldikdə isə bu gün çoxlu vergi və sosial güzəştlər tətbiq olunur. Amma hazırda bu prosesin reallaşması üçün ciddi işlər görülməlidir. Dövlət tərəfindən təhlükəsizlik təminatı və infrastruktur yaradırlmalıdır ki, sahibkar gedib Qarabağda işlə məşğul olsun. İnki halda bu edilsə də, amma bir çox sahibkarlar üçün ora gedib iş görmək risklidir. İnanıram ki, bu risklər bütünlüklə nəzərə alınacaq və sahibkarlar ora rahatlıqla gedə biləcəklər. Ümumiyyətlə, Qarabağın iqtisadi inkişafı bütün regionlarımızın da ümumi inkişafına müsbət təsir göstərə bilər. Ümumiyyətlə, insan harada yaxşı şərait varsa ora can atır. Onu kəndlərdə də etmək olar və bunun üçün də xarici təcrübələr öyrənməlidir ki, inkişafdan geri qalmayaq. Əminliklə, deyə bilərik ki, son 10 ildə cənab Prezidentin siyasətinin nəticəsində regionlarda kifayət qədər yüksək səviyyədə infrastruktur layihələr həyata keçirilib”.

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top