Nümunəvi xidmət: Azərbaycan gömrükçüləri peşə bayramını qeyd edir

GÜNDƏM 30 yan 2023, 16:16
Bu gün Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları peşə bayramını qeyd edir. 1992-ci ilin 30 yanvar tarixində DGK-nın yaradılması qərarından sonra hər ilin bu təqvimi Azərbaycanda Gömrükçülərin Peşə Bayramı Günü olaraq qeyd olunur.

Azərbaycanda gömrük xidmətinin uzun tarixi var. İlk dəfə Bakı Gömrük İdarəsi hələ Çar Rusiyası dövründə - 1807-ci ilin 7 fevralında yaradılıb. Gömrükçülərimiz 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinə əzmlə xidmət ediblər. Daha sonra SSRİ dövründə də öz peşələrini peşəkarlıqla icra ediblər. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər kəs kimi gömrükçülərimizin də müstəqil dövlətimizə xidmət etmək şansı yarandı və Dövlət Gömrük Komitəsinin yaradılmasından etibarən bu yolda vicdanla fəaliyyət göstərir, hər il peşəkarlıqlıqlarını daha da artırırlar.



Ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən biri də yüksək səviyyəli gömrük xidmətinin təşkil edilməsidir. 

Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqəti, daha sonra Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Bunun nəticəsidir ki, ölkədə gömrük xidmət nümunəvi sahələrdən hesab olunur. 

Azərbaycan gömrükçüləri qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması işində yüksək peşəkarlıq nümayiş etdirirlər. 



Bəllidir ki, gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib. Bunun nəticəsində xidmət mədəniyyətinin yüksəldilməsi, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılması və beynəlxalq ticarətin asanlaşdırılması kimi əhəmiyyətli nailiyyətlər əldə olunub.

Gömrük xidməti Azərbaycanın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında da özünəməxus rol oynayan qurumlardandır.

Dövlət Gömrük Komitəsinin fəaliyyətində əsas üstünlüklərdən biri də media ilə əlaqələrin yüksək səviyyədə qurulması, istər informasiya təminatı, istərsə də şəffaflıq baxımından nümunə olmasıdır.

Demokrat.Az olaraq biz də Azərbaycan gömrükçülərini peşə bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.






Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top