"Səfirliyimizdə törədilən terror aktında İran molla rejiminin əli var" — Güneyli politoloq

GÜNDƏM 30 yan 2023, 15:28
"Tehrandakı Azərbaycan Səfirliyinə terror hücumu zamanı İran polisinin göz görə-görə heç bir müdaxilə etməməsi çox təəccüblü idi. Bilirik ki, dünyada səfirlikləri qorumaq yerləşdiyi ölkələrin məsuliyyətidir. İran dövlətinin də borcu idi ki, Azərbaycan Səfirliyini qorusun". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Güney Azərbaycandan olan araşdırmaçı, politoloq Məhəmməd Rəhmanifər deyib. 

Analitik qeyd edib ki, İran dövləti əvvəlcə bu məsələyə cavab verməlidir, çünki səfirliyin təhlükəsizliyini qoruya bilməyib:

"Ümumiyyətlə, İran molla rejimi bundan öncə də bir neçə dəfə digər ölkələrin səfirliklərinə oxşar hücumlar təşkil edib. Bundan öncə Böyük Britaniya və Səüdiyyə Ərəbistanı səfirliklərinə də hücumlar olub". 

Məhəmməd Rəhmanifər qeyd edib ki, İran mediası dövlət tərəfindən maliyyələşdirilir və molla rejiminin tapşırğı ilə terrorçunu qorumağa çalışır:

"İran mediasının əksəriyyəti molla rejiminin əmri ilə çalışır. Həmin KİV-lər gecə-gündüz Azərbaycana qarşı nifrət və kin bəsləməklə məşğuldur. İnsanları Azərbaycana qarşı hücum etməyə təhrik edirlər. Təbii ki, bunu bilə-bilə Azərbaycan Səfirliyində təhlükəsizliyin təmin edilməməsi və bu qədər soyuqqanlı davranılması özü də şübhə yaradan məqamdır. Onlar Azərbaycanın adını çəkməkdən belə qorxurlar. Yəni, Azərbaycan Cümhuriyyəti yerinə "Bakı Cümhuriyyəti" ifadəsi işlədirlər. Nə olursa-olsun, bu terror aktında İran rejimi müqəssir sayılır və əminəm ki, bu terror aktında molla rejiminin əli var. Bunun sadəcə "məişət məsələsi" adlandırılması yolverilməzdir".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top