Arif Əliyev: "İran yenə Azərbaycanda "arvad axtarışı" edib, nəsə planlayacaqsa, bununla özünü biabır edəcək"

GÜNDƏM 30 yan 2023, 14:50
"İran böyük diplomatiya tarixinə malik olan bir dövlətdir. Təəssüf ki, bu dövlət elə bir rəhbərlərin öhdəsinə qalıb ki, terror aktını hansısa bir məişət cinayəti kimi təqdim etmək fantaziyasını ortaya atır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı Səfirliyində törədilmiş terror aktının İran rejimi tərəfindən "kiminsə arvadını axtarması" kimi qələmə vermək cəhdləri məqbul hal sayılmır:

"Bizim İran hökumətinin bilavasitə bu terror aktında iştirakını artıran şübhələrimiz var. Azərbaycan dövləti üçün xoşagəlməz və gözlənilməzdir ki, bir çox ölkələrin rəhbərləri Azərbaycan Səfirliyinə görə baş sağlığı verdiyi halda İranın ali şəxsləri hələ də bu hadisəyə susqunluq nümayiş etdirirlər. 

Başqa bir fakt isə odur ki, bu teror hadisəsindən sonra terrorçunun İran telekanallarına çıxarılaraq, efirdə çıxış etməsinə, cəfəng fikirlər söyləməsinə imkan yaradılıb. Odur ki, Azərbaycanın hazırki vəziyyətdə İrana qarşı irəli sürdüyü haqlı tələblərinin əsasları güclüdür. 

İranın arqumentləri isə hər kəsdə gülüş doğurdu. Təsəvvür edin ki, hansısa bir İran vətəndaşı öz ölkəsində "arvad axtarmaq" üçün əlinə avtomat götürüb, səfirliklərə hücum edir və bu, nə dərəcədə absurd bir vəziyyətə gətirib çıxarır. Əgər İran sabah yenə də Azərbaycanda "arvad axtarışı" edib, nəsə planlayacaqsa, bununla ilk növbədə özünü biabır edəcək. Ümumiyyətlə, bu terror aktı daha ciddi əsaslara malik olan hadisədir. İndiki məqamda bu hadisə Azərbaycanın ərazisinə hücum kimi dəyərləndirilməlidir. Çünki İrandakı Azərbaycan Səfirliyi elə Azərbaycan ərazisi deməkdir. Bu şərtləri nəzərə alaraq, İrandan daha ciddi məsuliyyətli addım atmağı gözləyirik. Bu cinayətin araşdırılmasında Azərbaycan hökuməti və Azərbaycanın müvafiq orqanları da mütləq iştirak etməlidir".

Arif Əliyev qeyd edib ki, İrandan Azərbaycanın diplomatik nümayəndəliklərinin çıxarılması düzgün addım idi:

"Hazırki vəziyyət İranın Azərbaycandakı fəaliyyətinə də aid edilməlidir.Yəni, onlar görməlidirlər ki, Azərbaycan dövləti özünün maraqlarını, özünün mövqeyini qorumaq üçün kifayət qədər ciddi addımlar ata bilər və atmağa da hazırdır. Xatırladım ki, Azərbaycan səfirliklərinə 2022-ci ildə il ərzində bir neçə dəfə hücum baş verib və bəzilərində İran vətəndaşları, İran düşüncəli şəxslər bilavasitə ora hücum təşkil ediblər.  

Çox ümid edirik ki, İran bu terror hadisəsinin ciddiliyini tam məsuliyyəti ilə dərk edəcək və müvafiq addımlar atacaq. Amma bunun üçün qarşısında hansı dövlətin olduğunu da anlamalıdır. İran bilməlidir ki, 2022-ci ildə və 2023-cü ilin əvvəlində baş vermiş bu hadisələr öz davamını bir daha tapmasın. Artıq neçənci dəfədir ki, Azərbaycan Səfirliyinə hücum edilir. Azərbaycan dövləti və xalqı isə heç bir yerdə belə şeyləri özünə rəva görmür və belə bir mövqedə siyasi müzakirələrin aparılmasını özü üçün məqbul hesab etmir".
 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top