“Elman Rüstəmov humanist adamdır ki, nikahdankənar övladının dünyaya gəlməsinə razılıq verib”

SOSİAL 14 yan 2023, 17:06
Məlum olduğu kimi, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun nikahdankənar övladı üzə çıxıb. Həmin xanım E.Rüstəmovun keçmiş katibəsi olub. Bu məsələ məmurların nikahdankənar övladları ilə bağlı məsələni yenidən aktuallaşdırıb. 

Bəs, görəsən, onlar davamlı olaraq bir yerdə olduqlarına görə aralarında bağlılıq yaranır, yoxsa  məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tabeliyində çalışan şəxsi cinsi istismara məruz qoyur? Bu halı məmurun harınlaması, var-dövlətinin çox olması ilə əlaqələndirmək olarmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bu məsələdə məmurlarda günah görmədiyini deyib: 

“Bəzən belə məsələlərdə günahı məmurlarda, vəzifəli şəxslərdə görürük, amma günah onlarda deyil. Günah qadınlardadır. Bilirsiniz ki, hər zaman qadın haqlarını müdafiə edən insan olmuşam, amma bəzi məqamlarda doğruları deməsən cılız və aciz görünürsən. Hər zaman qadınlar layiq oldu- olmadı, təhsili oldu-olmadı, yaxşı yaşamaq, imkanlı kişi ilə ailə qurmaq istəyir. Bəziləri seriallardakı həyatı görüb elə bilirlər ki, mütləq o həyatı yaşamalıdır. Qadının pula hərisliyi hər zaman daha çox səhv etməsinə şərait yaradır. Bir insan sənə nələrisə təklif etmiş ola bilər, amma qəbul edib-etməmək sənə bağlıdır. Məmur olan insan öz katibəsi ilə uzun müddət bir yerdədir, hər gün görür deyə bilərik, amma kimisə hər gün görürsən, uzun müddətdir onunla birlikdə çalışırsansa, bu o demək deyil ki, mütləq onunla hər hansı münasibət yaratmalısan. İnsanın özünün duyğu, düşüncəsi, həyat tərzi var. Bir insan özü milli-mental dəyərlərini ayaqlamaq qərarına gəlibsə, kiminləsə sevgili olmaq, nikahdankənar uşaq dünyaya gətirmək qərarına gəlibsə, artıq bu qadının özündə problem var. Məlum məsələdir ki, bura Azərbaycandır və burada belə qadınlar qınanılır, üstəgəl, indi nikahdankənar övlad dünyaya gətirib rahat şəkildə xəstəxanadan çıxa bilirsən. Əvvəllər bu cür övlad dünyaya gətirəndə xəstəxanada böyük problemlərlə qarşılaşırdın. İndi isə hər şey asan olub, kim kimdən istəyirsə, uşaq dünyaya gətirə bilir. Mən günahı məmurlarda yox, qadınlarda, onların pula hərisliyində görürəm. Əgər qarşı tərəfin könlü olmasa, heç bir vəzifəli şəxs tabeliyində olan insana yaxınlaşıb ona hər hansı bir sözü deyə bilməz”.

Onun sözlərinə görə, Azərbaycanda məmur-katibə münasibətləri bir qədər fərqlidir. Bəzən vəzifəli şəxslər öz sevgililərini katibəsi kimi işə götürürlər: 

“Azərbaycanda fərqli bir yanaşma var. Kimlərsə öz sevgililərini gətirib katibə edirlər. Bəzən biz düşünürük ki, katibədən sevgili olur, xeyr, çox vaxt elə sevgilidən katibə olur. Məncə, heç kim tora düşmür, əgər kimsə düşürsə, bu həddən artıq pula hərisliyə görə olur. Belə insanlar məhz tamahının toruna düşür. Buna görə də bu problemləri yaşayırlar. Biz bu gün Elman Rüstəmovu qınayırıq, amma o humanist insan olub ki, vaxtilə nikahdankənar övladının dünyaya gəlməsinə razılıq verib. Bu gün çox insan o işi görür, amma övladın dünyaya gəlməməsi üçün nə lazımdırsa, edirlər. Qadını hər cür əngələ salırlar ki, o uşağı dünyaya gətirməsin. Amma Elman müəllim buna icazə verib. Bu gün də belə problemlərlə qarşılaşıb. 

Bu məsələdə bir şeyi də qeyd etmək yerinə düşər. Bəzən iki insan birlikdə olur, amma əslində heç bir-birini bəyənmirlər. Məsələn, qadın bir kişi ilə bərabər olub əslində onu istəməyə bilər. Amma bir şeyi nəzərə almaq lazımdır, qadın qulağı ilə sevən və çox incə məxluqdur, zamanla kişinin ona göstərdiyi qayğını, diqqəti, mehribanlığı görüb nə qədər çirkin olsa da onu sevir. Uzun müddət kiminləsə bir yerdə olanda qadın ona öyrəşir və onun çirkinliyi adiləşir, hətta diqqət və qayğısından dolayı gözünə yaraşıqlı da görünür. Bəzi qadınlar xoşbəxtliyi gözəllikdə yox, gözəl yaşamda görürlər. Xüsusən indiki dövrün qadınları belədir. Məsələn, məşhurlara baxsaq görürük ki, bəzən qadınlar həm vizual baxımdan, həm yaş baxımından onlara uyğun olmayan insanları seçirlər və onu əsas gətirirlər ki, mənə onun görünüşü deyil, sahiblənməsi, diqqəti daha vacibdir. Bunlar müğənnilərin dilindən tez-tez eşitdiyimiz sözlərdir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top