"Türkiyənin sevimli xizək mərkəzlərində qış tətilindən həzz alın!"

TURİZM 13 yan 2023, 17:14
Qarla örtülü zirvələr, lüks xizək kurortları və çoxsaylı alternativlər

Türkiyənin qış marşrutları da yay istirahətinin dənizi, qumu və günəşi qədər həyəcanlıdır. Möhtəşəm mənzərələr, əzəmətli dağlar, yeni və komfortlu xizək kompleksləri ailələri qış idman növləri və fəaliyyətləri ilə unudulmaz tətilə dəvət edir.

Türkiyənin əksər bölgələrində qarla örtülmüş zirvələr Anadolunu qışda füsunkar bir destinasiyaya çevirir. Qış tətili mövsümü yaxınlaşır, uşaqlı ailələrin qış istirahəti zamanı təmiz hava və gözəl mənzərədən həzz ala biləcəyi Türkiyənin aparıcı xizək kurortları və istiqamətlərini təqdim edirik.

Kartepe, Uludağ və Kartalkaya: “Marmaranin Bəyaz İstiqamətləri”

Bolunun məşhur xizək destinasiyası olan Kartalkaya qış mövsümündə çox məşhur bir yerdir. Köroğlu dağlarının bənzərsiz mənzərəsi ilə birlikdə xizək tətili təklif edən Kartalkaya, baxımlı xizək yolları ilə Alp, Tur və Krosda olduğu kimi xizək idman növləri üçün münbit bir mühit təqdim edir. Obyektdə ümumi uzunluğu 50 km olan 2 telesiyej, 14 ədəd xizək telesyej, dörd uşaq lifti və 38 pist var. Kartalkaya iki qar parkı ilə snoubord həvəskarlarının sevimlisidir.

Bursada yerləşən Uludağ Qərbi Anadolunun ən hündür dağıdır. Uzun illər Türkiyənin ən əhəmiyyətli qış idman mərkəzlərindən biri olan Uludağa həm avtomobil yolu, həm də kanat yolu ilə getmək olar. Xizək mərkəzi 8 xizək lifti, 7 T-bar (telesiyej) və 13 müxtəlif xizək yolu, həmçinin uzunluğu 1750 metr ilə 2543 metr arasında dəyişən xizək yolları ilə diqqət çəkir. Qonaqlar həmçinin xizək avadanlıqlarını icarəyə götürə və təcrübəli təlimatçılardan dərs ala bilərlər. Dağın ətəyində heli-xizək, snoubord, buz konkisi və qar velosipedi üçün uyğun yolların olduğu Uludağ, İstanbula yaxınlığı ilə xüsusilə həftə sonlarının istirahət istqaməti olaraq seçilir.

Fındıq, palıd və şabalıd meşələri ilə əhatə olunmuş Kartepe Kayak Mərkəzi İstanbula ən yaxın qış tətili istiaqmətidir. Kocaelidə yerləşən bu təbiət möcüzəsi mərkəzində 4 kanat yolu, 3 telesiyej və 1 xizək lifti var. Yolların uzunluğu 400 metr ilə 3500 metr arasında dəyişərkən, bölgənin qar qalınlığı 80-200 sm arasında dəyişir.

Palandöken və Sarıkamış: Türkiyənin şərqində qış tətili həzzi

Türkiyənin şərqində Ərzurumda yerləşən Palandöken dağı xüsusilə dağ xizək və snoubord idmanı üçün məşhur yerdir. Teleferiklə çıxış imkanı verən Palandöken Kayak Mərkəzi Türkiyənin ən uzun pistinə ev sahibliyi edir. Ərazi xizək sürməyi asanlaşdıran toz qarın olması və yamacların sıldırım olması səbəbindən peşəkar xizəkçilər arasında məşhurdur. Mərkəzdə 8100 xizəkçi daşıma qabiliyyətinə malik 9 mexaniki qurğu fəaliyyət göstərir. Bu qurğulardan beşi müxtəlif yamaclara malik 22 uçuş-enmə zolağına xidmət göstərən telesiyejlərdir. Yamaclar işıqlandırıldığı üçün ziyarətçilər axşam vaxtı xizək sürməkdən də həzz ala bilərlər.

Türkiyənin ən şərq nöqtəsi olan Qarsda yerləşən Sarıqamış Xizək Mərkəzi ziyarətçilərini 2100 – 2634 metr hündürlükdə gözəl qış tətilinə dəvət edir. 2 mexaniki yola malik olan mərkəzdə ümumilikdə 7 xizək yolu var. Alp dağları ilə eyni qar keyfiyyətinə malik olan Sarıqamış Xizək Mərkəzində qar qalınlığı orta hesabla 1,5 metrdir. Sarıqamışda qalan ziyarətçilər Türkiyənin digər məşhur qış məkanını olan Qarsın buzla örtülmüş Çıldır gölünü, , Baltik memarlığının möhtəşəm nümunələrini və şəhərin mərkəzindəki məşhur qədim Ani şəhərini də ziyarət edə bilərlər.

Erciyes dağı: Anadolunun ortasında

İç Anadolunun ən yüksək zirvəsi olan Erciyes dağı, sehirli Kapadokiya bölgəsinin yaxınlığında Kayseridədir. Bir neçə uçuş variantları sayəsində dünyanın bir çox nöqtəsindən asanlıqla əldə edilə bilən Erciyes, beynəlxalq standartlara uyğun ən son texnologiya ilə təchiz edilmiş mexaniki qurğuları ilə diqqət çəkir. Saatda 26.750 nəfər daşıma qabiliyyəti ilə xidmət göstərən obyektlər ziyarətçilərinə Erciyesin bitki örtüyünü bənzərsiz mənzərə ilə araşdırmaq imkanı təqdim edir. Obyektlər arasında nəqliyyatı təmin edən Gondolas adlı kanat avtomobilləri qapalı sahədə rahat səyahət təcrübəsi təmin edir. Möhtəşəm havası ilə qış tətili üçün əla məkan təklif edən Erciyes, müxtəlif çətinlik səviyyələrində 41 xizək yamacı ilə hər səviyyədə xizək sürmək üçün uyğun bir mühit təqdim edir. Erciyesdə olarkən qışın nağıl məkanı Kapadokyaya da baş çəkə, mağara otellərində qala və bölgənin məşhur yeraltı şəhərlərini kəşf edə bilərsiniz.

Davraz dağı və Saklıkent: Hərarətli Aralıq dənizində qarlı zirvələr

İnanmaqda tərəddüd etsəniz də yay tətilinin sevimli məkanı olan Aralıq dənizi bölgəsi, həm də gözəl qış tətilləri təklif edir. Aralıq dənizinin şimalında Ispartaya baxan Davraz dağı 50 ilə 250 sm arasında dəyişən qar qalınlığı ilə hər səviyyədə olan xizəkçilərə xitab edir. 2 telesiyeji, 1 T-bar (telesiyej) və 2 uşaq kanat avtomobili olan obyekt, Eğirdir gölünün bənzərsiz mənzərəsi ilə, xizək sevənlərə adrenalin dolu bir təcrübə təqdim edir. Türk Rivierasının incisi Antalyada yerləşən Saklıkent xizək sürmə ilə yanaşı həm də üzgüçülüklə məşğul ola biləcəyiniz naadir mərkəzlərdəndir. Şəhər mərkəzindən cəmi 50 kilometr məsafədə yerləşən kanyonda ilin bütün fəsillərinə uyğun unikal gəzinti yolu var. Asan və orta səviyyəli xizək yolları, 0,5-1 metr qar qalınlığı və 2 ədəd T-barı (telesiyej) ilə qar həvəskarlarının diqqətini çəkir.

Ovit xizək kurortu: Qara dənizin bənzərsiz təbiətində qış tətili

Qara dəniz bölgəsinin təbiət möcüzəsi olan Kaçkar dağlarının ətəyində yerləşən Ovit Kayak Mərkəzi son vaxtlar qış turizminin ürəyi kimi ön plana çıxıb. İlin altı ayı qarla qapalı olan mərkəzə ildə 15-30 metr qar yağır. Dəniz səviyyəsindən 2640 metr hündürlükdə yerləşən bu məşhur qış məkanının zirvələrində çoxlu yaşayış obyektləri var. Ziyarətçilər bu yeni obyektlərdə qalaraq vəhşi təbiəti müşahidə edə, qış fəaliyyəti və idmanı ilə məşğul ola bilərlər. Xizək yamaclarından başqa, Ovit həm də snoubord və heli-xizək üçün əlverişli mühiti ilə peşəkar idmançıların və macəra sevən qar həvəskarlarının radarındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top