"Bu açıqlama ilə Vardanyanın yalançı fikirləri tamamilə alt-üst edildi" — Çingiz Qənizadə

GÜNDƏM 12 yan 2023, 21:24
Ermənistanda “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan ölkənin  baş naziri Nikol Paşinyanın və milyarder Ruben Vardanyanın iddialarını ifşa edib. Paşinyanın partiyasının üzvü olan deputat Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki,  Xaçatryanın fikirləri Azərbaycan tərəfinin səsləndirdiyi fikirlərlə üst-üstə düşür:

"Biz həmişə qeyd etmişik ki, Qarabağda 30 minə qədər erməni yaşayır. Lakin Ruben Vardanyan və onu dəstəkləyənlər bu ərazidə əhalinin sayının 120 min olduğunu qeyd edirdi. Əslində, Vardanyan özünün maraqlarını burada həyata keçirtmək üçün bu cür fikirlər işlədir. Çünki Vardanyan bura gəlir əldə etmək üçün gəlib. Azərbaycanın filiz və qızıl yataqlarının qanunsuz istismar etməklə, öz çirkin maliyyə imkanlarını daha da artırmaq niyyətindədir.

Əslində, onlar Qarabağda yaşayan erməniləri yox, özlərini daha çox düşünürlər. Bu açıqlama ilə Vardanyanın yalançı və öz şəxsi maraqlarına köklənmiş fikirləri tamamilə alt-üst edildi. Hesab edirəm ki, bu məsələ təkcə Azərbaycanda deyil, həm də dünya mətbuatında müzakirə predmetinə çevriləcək".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top