Psixoloqlar arasında fahişə qalmaqalı: “Özünə bir “həci” tapır...”

SOSİAL 12 yan 2023, 17:13
“Sözün açığı, mən Elmir Əkbərin bəzi psixoloqları tənqid edən fikirləri ilə razıyam. Çünki hazırda gündə bir psixoloji mərkəz açılır. Məgər Azərbaycanda bu qədər psixoloji problemli insan, yaxud psixoloji cəhətdən narahat oaln uşaq var? Hərə bir mərkəz açır. Hətta artıq baxıram ki, gözəllik salonları, tədris mərkəzləri psixoloji mərkəz kimi fəaliyyətə başlayır...” 

Bu sözləri Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib. Həmkarı Elmir Əkbərin bu gün hər kəsin kurs keçərək özünü psixoloq kimi təqdim etməsindən, hətta fahişələrin də bu peşəyə can atmasından gileylənməsinə münasibət bildirən G.Orucova həmkarı ilə tamamilə razılaşdığını bildirib: 

“Bu gün ixtisası psixoloq olmayanlar, kimya, biologiya müəllimləri, geoloq, memar, stüardessalar psixoloq kimi fəaliyyətə başlayır. Psixoloq olmaq bu qədərmi asandır? Bu məsələdə medianı günahkar sayıram. Çünki media ixtisası psixoloq olmayanları pul xətrinə verilişlərə dəvət edir. Həmin “psixoloq” pul verib efirə çıxır ki, özünü reklam etsin və pasiyent yığsın. Maraqlananda görürsən ki, həmin şəxs psixologiya ixtisası üzrə təhsil almayıb, buna dair diplomu yoxdur. 3-5 aylıq kurs keçirlər, vəssalam. İndi də “yaşam koçu” anlayışı dəbə düşüb. Koçluq özünü inkişaf etdirmək üçün nəzərdə tutulmuş bir proqramdır. Yaşam koçu özünü psixoloq adlandıra bilməz! Çünki psixoloq olmaq üçün 4 illik baza təhsilini almalısan. Bu gün buna nəzarət edən bir dövlət qurumu yoxdur. Biz bir-birimizi günahlandırırıq, amma bunun üçün müəyyən qurum olmalıdır. Niyə Təhsil Nazirliyi, yaxud başqa bir aiddiyyəti qurum buna nəzarət etmir? Dövlət qurumu bu gün yaradılan mərkəzlərə nəzarət etməlidir ki, görsün kimsə öz ixtisası üzrə həmin mərkəzdə çalışırmı?” 

G.Orucova qeyd edib ki, bu gün özünü psixoloq adlandıran şəxslərin çoxu pulla özünü reklam etməklə məşğuldur:

“Niyə bəzi psixoloqlar şou yaratmaq istəyir? Sən psixoloqsan, müğənni deyilsən! Bu gün bəzi psixoloqların səhifəsinə baxıram, aydınlaşdıra bilmirəm ki, bu modeldir, kosmetoloqdur, yoxsa psixoloq. Mən öz kolleqalarımı qətiyyən aşağılamaq istəmirəm, çünki bu sahədə kifayət qədər öz sözünü demiş, təhsilini almış insanlar var, ancaq peşə etikası deyə bir şey də var. 

Mən həmkarım Elmir Əkbərin fikirləri ilə tam razıyam. Bu gün qeyri-peşə sahibləri gəlir, hərə özünə bir sponsor, bir “həci” tapır və olur psixoloq. Çünki onu maliyyələşdirən bunu təmin edir, ona mərkəz açır. Hətta bəziləri pul qaynağını gizlətmək məqsədilə də psixoloq olurlar. Çünki hərdən insanlar sual verirlər ki, sən bu sahə ilə bu qədər pulu necə qazanırsan? Onlar insanların qınağından qorxaraq, “qara işlər”ini gizlətmək üçün özlərinə psixoloq deyirlər. Qəbullarını da fiks qiymətə qoyurlar, amma araşdırsanız görərsiniz ki, o qəbullara heç yazılan da yoxdur. Sadəcə, qəbulların 150-200 manat qiyməti var, lakin ortada pasiyent yoxdur. Səhifələri isə bizə yalnız modelləri xatırladır. Elmir Əkbər çox haqlıdır, belələri göbələk kimi artıblar, bu sahəyə nəzarət edən yoxdur. Hər şey pulun başındadır, kim istəyirsə özünü “İnstagram”da, yaxud efirlərdə reklam edə bilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top