"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" — Misir Mərdanov

GÜNDƏM 26 dek 2022, 22:42
"Qərbi Azərbaycandan 250-300 mindən çox adam deportasiya olunub. İnsanlar oradan məcburi köçürülüblər. Evlərindən heç bir şey götürmədən çıxıblar. Tikdikləri evləri, imarətləri, məktəbləri, əyin-başlarını, hətta şəkillərini də orada qoyublar. İnsanlar dövlətin təkidi ilə silah gücünə bir-bir evlərindən çıxarılıb".

Bu sözləri Bakupost.az -a açıqlamasında Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib.

O, yaxın gələcəkdə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyət planının hazırlanacağını bildirib:

“Yaxın gələcəkdə proqram xarakterli sənəd hazırlasaq, bununla həm prezidentin tapşırıqlarını yerinə yetirmiş, həm də arzu və istəklərimizi həyata keçirmiş olarıq. Güman edirəm ki, 2023-cü ilin ilk günlərində icmanın rəhbərləri və əsas üzvləri bir araya gələcək. Prezidentin proqram xarakterli çıxışından irəli gələn vəzifələrimizi müəyyənləşdirəcəyik. Artıq mən bəzi yoldaşlarla əlaqə saxladım. Sənəd tərtib edəcəyik. Əvvəlcə həmin sənəddə nəzərdə tutulan məsələlərin hansını kimin idarə edəcəyi müəyyənləşdiriləcək. Prezident öz çıxışında hüquqi məsələlərə xüsusi diqqət yetirib. Yeni portalın yaradılması, mətbuat, beynəlxalq əlaqələrlə bağlı danışıb. Bunların hamısı müzakirə edilib müəyyənləşdirilməlidir. Ümid edirəm, yanvar ayının ortalarında həmin sənədlə tanış ola biləcəyik. İcmanın İdarə Heyəti, Müşahidə Şurası bir yerə toplaşacaq, müzakirələr aparılacaq, digər insanların da təklifini aldıqdan sonra sənəd hazırlanacaq. Bu, prezidentin tapşırığına əsaslanan sənəd olacağı üçün diqqətlə hazırlanmalıdır. Dövlət başçısı öz ad günündə vaxt tapıb Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdü. O bildirdi ki, mən ad günümü həmişə öz ailəmlə - qaçqın və məcburi köçkünlərlə keçirmişəm. Bu gün yenə öz ailəmin içərisindəyəm. Bu, çox ciddi məsələdir. Ona görə də prezidentin bu addımına müvafiq ciddi addımlar atmağa hazırıq və hazır olacağıq”.

M.Mərdənov Qərbi Azərbaycandan deportasiya məsələsinə də da toxunub:

“Bu məsələ barədə ayrı-ayrı məqalələrdə, kitablarda yazılıb. Statistik rəqəmlər də bəllidir. Onları dəqiqləşdirməliyik. Çünki biz dünya ictimaiyyətinin qarşısında çıxış edəndə deyəcəklər ki, hansı sənədlərə əsaslanırsız. Ona görə biz həmin tarixin şahidi olmuş insanları eşitməliyik, yazılmış kitablardan gətirilən faktları dəqiqləşdirməliyik. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib. Orada doğulmuş, yaşamış biri kimi deyirəm ki, ermənilər bu siyasəti həmişə həyata keçirib. Mən Bakıya gəldim, universiteti bitirdim. Bildim ki, geriyə qayıtsam, orada mənə iş olmayacaq. Sonra qardaşım və bacım da gəldi. Atamla anam orada tək qaldığı üçün gəlməyə məcbur oldular. Uzun illər proses belə davam etdi və sonda orada yaşayan 250-300 mindən çox adam dövlət səviyyəsində deportasiya olundu. Bizim kəndin kolxoz sədri olmuş Səmayə xanım o dönəmdən danışır. Deyir ki, bizə dedilər ki, gecə ikən çıxıb gedin, ya da sabah silahlılar gələcək. Rəsmi vəzifəli insan bunu deyir. Bəlkə də o vaxta qədər olan deportasiyalar bu cür xarakter daşımayıb. 1998-ci ilin noyabr-dekabr ayında baş verən deportasiya isə birbaşa Ermənistan və onun arxasında duran qüvvələrin dəstəyi ilə həyata keçirilib. İnsanlar oradan məcburən köçürülüb, evlərindən heç bir şey götürmədən çıxıblar”.

M. Mərdanov qeyd edib ki, Prezident Qərbi Azərbaycanla bağlı mövcud kitabların müxtəlif xarici dillərə çevrilib çap olunması və dünyada yayılması ilə bağlı tapşırıq verib: "Bizim fəaliyyət planında bu məsələ də nəzərə alınacaq. Bu, bizim vəzifəmizdir. Çünki özümüz bilməklə iş bitmir. Gərək dostumuz da, düşmənimiz də bu həqiqətləri bilsinlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top