Şamaxıda qohumlar arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 26 dek 2022, 11:50
Şamaxı rayonunda 1993-cü il təvəllüdlü Toğrul qonşusu Anara xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 25-də Hacıqədirli kəndi ərazisində baş verib. Toğrul aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla Anarın sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq ona xəsarət yetirib. 

Toğrulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən saölamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul bildirib ki, Anar ilə qonşu və qohumu olub, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb: “Sentyabrın 25-də təxminən saat 22 radələrində Anar, Xaqani və digər qonşumuz Azadla birlikdə evinin yaxınlığında söhbət edib, siqaret çəkən zaman Anarla zarafatlaşmağa başladıq. Lakin daha sonra Anar şit zarafat etdiyi üçün ona acıqlandım.

Zarafatının həddini bilməsini, artıq söz deməməsini tələb etdim. Həmin vaxt Anarla aramızda mübahisə yarandı. Mübahisə zamanı baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurdum. Sonra sol qolundan yapışaraq özümə tərəf çəkməyə çalışdım. Həmin vaxt Anarın dırnaqları qolumu cırmağa başladı. Anar qolumu buraxdı və məni təhqir etməyə başladı. Anarın təhqirlərindən əsəbləşdiyim üçün sağ əlim ilə Anarın sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı Xaqani Anarın gözünə vurduğu zərbəyə görə onunla mübahisə edib, yaxasından yapışaraq niyə görə Anarı bu formada bərk vurduğunu soruşub və onu danlayıb: “Şirvan isə Anarı kənara çəkib otuzdurduqdan sonra bizə yaxınlaşdı. Xaqanini sakitləşdirdi, Xaqani məni buraxdı və  Anarın yanına gedərək yaşadıqları evə apardı. Şirvan mənə burada dayanmağımı dedi. Sonra məni yaşadığım evə apardı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, evə daxil olduqdan sonra Xaqani ilə Anarın hərəkətlərindən əsəbləşib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib: “Qonşularım tərəfindən döyülməyim barədə məlumat verdim. Məlumat əsasında polis əməkdaşları yaşadığım ünvana gəldikdən sonra Xaqani və Anar tərəfindən döyülməyim barədə rayon polis şöbəsinə müraciət etdim. Həmin vaxt əsəbi olduğumdan Anardan əlavə Xaqaninin də məni döyməsini ərizəsində göstərdim. Lakin məni yalnız Anar döyüb. Xaqani isə bizi aralayıb, sadəcə mübahisə edib. Həmin hadisə zamanı zərərçəkmiş şəxsə qarşı göstərdiklərimdən əlavə heç bir qanunsuz hərəkət etməmişəm”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Anarın sözlərinə görə, hadisədən sonra evə daxil olduqdan bir neçə dəqiqə keçib və sonra polis əməkdaşlarının Toğrulun evinə getdiyini görüb: “Toğrulun barəmdə şikayət etdiyini müəyyən etdim. Lakin özüm isə həmin tarixdə Toğrulun məni döyməsi barədə polis şöbəsinə müraciət etmədim. Sentyabrın 26-da Toğrulun barəmdə rayon polis şöbəsinə müraciəti ilə bağlı dəvət edildiyim üçün fikrimi dəyişdim, rayon polis şöbəsində olan zaman Toğrulun məni döyməsi barədə ərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Toğrulun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az





 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top