"Rusiya üzləşdiyi ağır situasiya ilə Zəngəzur dəhlizinə münasibətini dəyişməyə başlayıb"

TƏHLİL 22 dek 2022, 14:56
"Rusiya da, İran da hazırda eyni problemlər ilə üzləşiblər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

Politoloq qeyd edib ki, hər iki ölkə dünyadan təcrid olunur, blokada şəraitinə salınır:

"Ona görə də, bu iki ölkə bəzi problemləri ortaq şəkildə həll etmək məcburiyyətində qalıb. Təbii ki, Şərqi Avropadan Hind okeanına ticarət dəhlizinin yaradılması Rusiya və İrana üzləşdikləri blokada şəraitini nisbətən yüngülləşdirməyə imkan verə bilər.  Çünki Rusiya və İranın başqa alternativi qalmayıb. Məsələ ondadır ki, Zəngəzur dəhlizi daha çox perspektivli iqtisadi-ticari layihə olsa da, həm Rusiya, həm də İran bu marşruta kəskin müqavimət göstərməyə üstünlük verirlər. Düzdür, Rusiya Zəngəzur dəhlizinin yaradılmasında əsas maraqlı dövlətlərdən sayılırdı. Ancaq Ukrayna savaşında Rusiyanın üzləşdiyi ağır situasiya Kremlin Zəngəzur dəhlizinə münasibətini dəyişməyə başlayıb. Belə ki, Kreml Zəngəzur dəhlizinin məhz Rusiyanın şəriksiz nəzarəti altında reallaşdırılmasını planlaşdırırdı. Ancaq ABŞ və Qərb Rusiyanı bu iqtisadi-ticari dəhlizdən kənarlaşdırmağa cəhd göstərir".



İrana gəldikdə isə Elçin Xalidbəyli düşünür ki, rəsmi Tehran ABŞ və Qərbin nəzarəti altında fəaliyyət göstərəcək istənilən layihəni özü üçün geopolitik təhlükə hesab edir: 

"Digər tərəfdən, Zəngəzur dəhlizinin Türk dünyasını da birləşdirəcəyindən, Türkiyənin Cənubi Qafqazda mövqelərini möhkəmləndirəcəyindən İran da bu iqtisadi-ticari marşruta müqavimət göstərir. Halbuki, ABŞ və Qərb, xüsusilə də, Böyük Britaniya başda olmaqla, əksər Avropa ölkələri Zəngəzur dəhlizinin yaradılmasında maraqlıdır və bu məsələ ilə bağlı Ermənistana təzyiqlər gücləndirilir. Təbii ki, bu prosesin qarşısını almaq üçün Rusiya və İranın Ermənistan üzərindən Gürcüstandan keçməklə, Qara dənizə yeni marşrut yaratmaq cəhdləri qətiyyən gözlənilməz deyil. Ancaq hətta belə bir marşrut yaradılsa da, Rusiya və İranın vəziyyətinin normala dönməsi mümkün görünmür. Çünki bu, Rusiya və İranı blokadan bəlkə də çıxara bilər, ancaq beynəlxalq sanksiyalardan xilas edə bilməz. Məsələn, hazırda Fars Körfəzində İrana yük daşıyan onlarla gəmi yığılıb. İrana qarşı sanksiyalarla bağlı yeni situasiya həmin gəmilərin öz yükünü təhvil verməsini əngəlləyir. Yəni, anlaşılan odur ki, Rusiya və İranın heç bir halda, beynəlxalq sanksiyalardan yayınmaq şansı mövcud deyil. Çünki Rusiya və İrana qarşı sanksiyalar marşrutlar və ya dəhlizlər üzərindən deyil, məhz konkret iqtisadi-ticari sahələr üzrə tətbiq olunub. Və bu prosesin yaxın gələcəkdə daha da sərtləşdiriləcəyi gözlənilir".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top