Deputat: “Laçın dəhlizi boyunca Azərbaycanın da sərhəd-gömrük məntəqələri yaradılsın”

GÜNDƏM 21 dek 2022, 15:00
"Artıq 10-cu gündür ki, ekofəallar, vətəndaş cəmiyyəti institunun təmsilçiləri olan gənclər sözün həqiqi mənasında böyük vətənpərvərlik nümayiş etdirir.  Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, nəinki mübarizələrini zəiflədirlər, əksinə daha kəskin şüarlarla çıxış edirlər və Azərbaycanın haqq işini müdafiə edirlər". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, mübarizələrinə o vaxta qədər davam etdirəcəklər ki, bu mübarizənin başlamasına gətirib çıxaran səbəb aradan qalxsın. 

"Azərbaycan müvafiq dövlət qurumları bizim təbii sərvətlərimizin talan edilməsi, ekoloji siyasətin həyata keçirdiyi ərazilərdə  monitorinq apara bilsinlər. Bu məqsədə nail olana qədər öz mübarizələrini davam etdirməkdə inadkardırlar. Eyni zamanda, getdikcə şüarların məzmunu dəyişməkdə başlayıb. Haqlı olaraq söyləyirlər ki, Laçın dəhlizi boyunca Azərbaycanın da sərhəd-gömrük məntəqələri yaradılsın. Belə də olmalıdır, çünki Laçın dəhlizi indi humanitar məqsəddən daha çox Ermənistanın çirkli niyyətlərini həyata keçirilməsi üçün istifadə olunur. Bu haqda çoxsaylı faktlar var. Belə olan vəziyyətdə, hər bir azərbaycanlı bizim gənc fəallarımızın yanında olmalıdır. Onların haqq işinə dəstək verməlidir. Təəssüf ki,bəzən ağız büzənlər də olur. Elələri olur ki, bizim gənclərimizin əlini-qolunu soyutmaq istəyirlər. Sadəcə olaraq mübarizənin heç bir nəticə verməyəcəyini söyləyirlər. Belə adamlar erməni dəyirmanına su tökənlərdir və həyatda heç nə əldə etməyiblər. Vətən yolunda heç bir şey etməyiblər. Barmaqlarını barmaqlarının üstünə qoyub vətən naminə bir xidmət göstərməyiblər, ancaq işləri-gücləri ona-buna ağız büzməkdən ibarətdir.

Hesab edirəm ki, belələri yazıq insanlardır və heç kimə lazım deyillər və parazit həyat tərzi sürürlər. Təəssüf ki, belə adamların "familiyaları" Azərbaycan soyadlarıdır. Hətta, onlar azərbaycanlı soyadını daşımağa layiq deyillər. Xalqımız bu etriaz edən gənclərimziin yanındadır, onların mübarizəsini dəstəkləyir. Biz də gecə-gündüz onların yanındayıq".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top