Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağında daha bir uşaq ölümə tərk edilir — VİDEO

SOSİAL 19 dek 2022, 22:30
Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi”sığınacağında “Totu” ləqəbli uşaq ölümə tərk edilir. Neçə vaxtdır qapadılması barədə qərar verilən, hələ də istintaqı bitməyən sığınacaqda özbaşınalıq  isə davam edir. 

Bu dəfə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial hesabında “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını bildirib.

O, sığınacaqda yaşayan sağlam bir uşağın 2 il ərzində döyülərək nə hala düşməsi barədə paylaşım edib və ölümə tərk edilən “Totu” ləqəbli uşağın xilas edilməsi üçün dövlət qurumlarına çağırış edib:

“Hər gün onlarla sosial şəbəkə izləyiciləri tərəfindən “Sevgi” Uşaq Sığınacağı adı ilə “İnstaqram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı mənə müraciətlər olur.

Neçə dəfə həmin mürciətləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub. Daxili İşlər Nazirliyinin,  Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da “istintaq gedir, gözləyirik!" cavabını eşitmişəm. Əzizlərim, gözləyirik... "Totu" ləqəbli uşaq isə ölür. 2 il ərzində görün uşaq nə hala qalıb? 

Uşağın videosunu paylaşıb, kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, soruşdunuzmu? 

Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür!!! Amma mən faktlara əsaslana bilərəm! Hal hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, uşağı qurtarın. Ölür uşaq... “

Kəmalə Ağazadə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinə də səslənib:

“Sosial Xidmətlər Agentliyi gedin qiymətləndirmə aparın, Səhiyyə Nazirliyi uşağı tam müayinəyə götürün, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yardım edin! Bakı şəhər Baş Polis İdarəsi  uşağın o qadının əlindən alınmasında həll yolunu tapın! Ədliyyə Nazirliyi, məhkəmə qaydasında bu qadının fəaliyyətini məhdudlaşdırın!”, - deyə Kəmalə Ağazadə əlavə edib. 

Qeyd edək ki, bir neçə ay əvvəl Bizim.Media olaraq biz də sözügedən sığınacaq sahibi Könül Qasımovanın hərəkətləri barədə məlumat dərc etmişdik. 

Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı. İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi. 

Bizim.Media-nın araşdırmasına görə əslində sözügedən sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.

Nə cinayət işi açılan sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına verilib, nə də qalmaqallı məsələdə adı hallanan Könül Qasımova istintaqa cəlb olunub.

Əldə etdiyimiz məlumatlara görə üstəlik sığınacağa yeni uşaq qəbulu da həyata keçirilir. Sığınacaq sahibi Könül Qasımova əvvəl olduğu kimi indi də sosial şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top