Alimpaşa Məmmədovun məhkəməsində keçmiş şirkət rəhbəri ifadə verdi

GÜNDƏM 15 dek 2022, 20:30
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclasında şirkət əməkdaşı ifadə verib.

“Report”un məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədov vəkili tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Təqsirləndirilən şəxs ittiham üzrə epizodların bir çoxunu qəbul edsə də, bəziləri ilə razı olmadığını deyib.

Daha sonra “Ağstafa Su Tikinti” ASC-nin keçmiş rəhbəri Məmmədov Vaqif İsrafil oğlu şahid qismində dindirilib.

Bildirib ki, o illərlə Şəmkir rayonunda tikinti işlərini görüb. Bir neçə dəfə tender qalibi olub. Müxtəlif təmir-tikinti işlərini həyata keçirib.

V.Məmmədov deyib ki, 2015-ci ildən 2018-ci ilə qədər heç bir kredit ödənilməyib.

Məhkəmədə V.Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Məhkəmənin növbəti iclası dekabrın 22-də davam etdiriləcək.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top