“Ermənilər atdıqları bu addımla özlərini blokada şəraitinə salıblar” — Partiya sədri

SİYASƏT 15 dekabr 2022, 14:54
“Təəssüflər olsun ki, bu qədər görüşlərin müqabilində istər Avropa Şurasının, istərsə də Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunan bir sıra məsələlərlə bağlı razılıqlar hələ də reallaşmayıb. Əslində, son dövrdə yaşanan hadisələrin fonunda bir qədər də gərginlik müşahidə olunur. Amma istənilən halda hesab edirəm ki, görüşləri davam etdirmək lazımdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri əlavə edib ki, dekabrın sonunda növbəti dəfə İlham Əliyev və Paşinyan görüşü baş tuta bilər:

“Bu görüşün baş tutacağı qənaətindəyəm. Çünki istənilən məsələ, hətta müharibələr də danışıqlar yoluyla bitir. Əslində, ermənilərin Azərbaycanla danışıqlar masasında oturtmaqdan başqa çarəsi də yoxdur. Burada Azərbaycan qalib tərəfdir, şərtləri diqqət edir. Biz şərtlərimizi irəli sürmüşük və beynəlxalq hüquqa əsaslanan 5 şərtimiz var. Bu şərtlərdən heç bir halda qaçmaq, yayınmaq, kənar durmaq mümkün deyil. Bu şərtlərin ətrafında da danışıqlar gedir. Azərbaycan sona qədər danışıqları aparacaq. Hesab edirəm ki, yekun nəticədə danışıqlarla nəsə əldə olunmayacaqsa, biz digər məsələləri də necə ki, 44 günlük müharibədə əldə etdik, elə də edəcəyik. Yəni, bu gün rus hərbiçilərinin məsuliyyət dairəsi hesab olunan ərazilərdə də, sərhədlərimizdə də və tarixi topraqlarımızda ədalətin bərpa olunması istiqamətində addımlarımızı atacağıq”. 

Partiya sədri aksiya barədə də fikirlərini bölüşüb:

“Aksiya işçilərinin tələbləri elə tələblərdir ki, qarşı tərəf güzəşt addımlar atmalıdır. Buna güzəşt də demək düzgün deyil. Azərbaycan o ərazilərdə bütövlükdə baş verən prosesləri özü izləməlidir və Azərbaycan dövlətinə məxsus olan sərvətlər də Azərbaycan tərəfindən yalnız istismar oluna bilər. Tələblər qəbul olunmayacaqsa, aksiyalar sona qədər davam edəcək. Amma qarşı tərəf buna nə vaxt riayət edəcək, şərtləri qəbul edəcəkvə s. bunu proqnozlaşdırmaq o qədər də asan deyil. İstənilən halda ermənilər atdıqları bu addımla özlərini blokada şəraitinə salıbdılar. Nə qədər duruş gətirəcəklər, bu onların öz işidir. Bizə bu məsələnin o qədər də çətinliyi yoxdur. Biz bu aksiyaları davam etdirəcəyik və nə vaxt ermənilərin ağılları başlarına gələcək tələblər yerinə yetiriləcək, o vaxta kimi də bu proses yekunlaşacaq”. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək. Tədbir çərçivəsində Rusiya dövlət başçısı V.Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı ehtimallar var. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top