“Bəxtiyar Ersay müasir dövrün Nuru Paşasıdır” — Polkovnik

SİYASƏT 12 dek 2022, 15:51
“Müdafiə nazirinin yeni müşaviri, əfsanəvi general Bəxtiyar Ersay uzunmüddət Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq çərçivəsində Azərbaycanda olub. Bəxtiyar Paşa Müdafiə Nazirliyinin rəhbərliyi ilə daima təmasda olan bir şəxsdir”.

Bunu Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Hərbi ekspertin sözlərinə görə, Şuşa Bəyannaməsindən sonra Azərbaycan Silahlı Qüvvələri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev ordu qarşısında bir sıra mühüm tapşırıqlar qoyub:

“Qeyd edim ki, Azərbaycan ordusunun Türkiyə modelinə keçməsiylə bağlı çoxsaylı islahalatlar aparılıb və müəyyən işlər isə artıq görülüb. ADA universitetində çıxışı zamanı cənab Prezident vurğuladı ki, bundan sonra daim Türkiyə ordusunun yanında Azərbaycan ordusu, Azərbaycan ordusunun yanında Türkiyə ordusu olacaq. Yəni, iki dövlətin bir ordu istiqamətində inkişafını qeyd etmək olar. Belə olduğu halda, Bəxtiyar paşa kimi təcrübəli, Azərbaycanda nüfuza sahib olmuş, Azərbaycan hərbçiləri arasında hörmət qazanmış, Türkiyənin ən güclü generalının, yüksək vəzifəli şəxsin Azərbaycanda müşavir təyin edilməsi mənə elə gəlir ki, Azərbaycan və Türkiyənin hərbi sahədə olan münasibətlərin inkişafından xəbər verir. Bəxtiyar Paşa iki ildən artıqdır ki, Azərbaycanda olduğu zamanlar müdafiə naziri Zakir Həsənovla çox sıx əlaqələrdə olub və ordunun Türkiyə modelinə keçməsiylə bağlı öz məsləhətlərini, tövsiyələrini verib və köməyini göstərib. İndi isə müdafiə nazirinin müşaviri kimi təyin edilməsi isə hüquqi cəhətdən də artıq Müdafiə Nazirliyi tərəfindən verilən tapşırıqların gedib yerlərdə, ordunun müəyyən birləşmələrinə çatdıra bilər. Çünki artıq onu bir müdafiə nazirliyinin müşaviri kimi qəbul edəcək. Düşünürəm ki, müəyyən şəkildə səlahiyyətləri genişləndirmək, Azərbaycan-Türkiyə ordularının inkişafı və əlaqələri üçün daha çevik, daha tez qərarların qəbul etməsi üçün vacibdir. Həmçinin, daha praktiki şəkildə bu qərarların həyata keçirilməsi mümkün olacaq”. 

Ş.Ramaldanov əlavə edib ki, Bəxtiyar Ersay Azərbaycanda bütün qurumlarla sıx təmasdadır.

“Bilirik ki, son təlimlərdə Bəxtiyar Paşa bilavasitə yaxından iştirak etdi. Düşünürəm ki, bütün bunlar tez bir qərarın qəbul edilməsinə, gələcək münasibətlərin daha da sıxlaşmasına, yaxud da bu prosesin daha da inkişaf etdirilməsinə atılan addımdır. Nəzərə alsaq ki, Bəxtiyar Paşa bu müddətdə Azərbaycan ordusunu çox yaxşı tanıyır. Azərbaycanda olan bütün qurumlarla sıx təmasdadır və onu bizim rəhbər heyət çox gözəl qəbul edir. Bütün bunları nəzərə alaraq onun müşavir kimi Azərbaycan ordusunda fəaliyyətinin davamı normaldır. Onun Müdafiə Nazirliyinin rəhbərliyində müşavir kimi hüquqi statusun olması və hüquqi status çərçivəsində öz işini aparması üçün daha da müsbət şərait yaranır. Digər tərəfdən, hərblə bağlı Müdafiə Nazirliyinin özünün məxfilik daşıyan məlumatları, sənədləri var, yeni alınmış texniki vasitələr, silah-sursat var. Məhz məxfiçilik cəhətdən də Bəxtiyar Ersay üçün də bu məhdudiyyət aradan götürələcək. Bu da ona Müdafiə Nazirliyində məxfi məlumat daşıyan, yaxud da məxfilik dərəcəsi olan sənədlərin icrasını və o sənədlərlə işlənməsinə də imkan yaradacaq. Deyərdim ki Azərbaycan Ordusunda bu xəbər çox müsbət qarşılanıb. Çünki Bəxtiyar Paşanın profesionallığı və yüksək vəzifəli şəxslərlə ünsiyyət qurma bacarığı yüksək qiymətləndirilir. İstisna etmirəm ki, müəyyən bir şəkildə Azərbaycanın da hansısa vəzifəli şəxsi Türkiyə ordusunda, yaxud da Müdafiə Nazirliyində hansısa bir vəzifəyə təyin oluna bilər. Bəxtiyar paşa nəinki Azərbaycan ordusunda, artıq Azərbaycan cəmiyyətində tanınan şəxsdir. Bəziləri onu müasir Nuru Paşanın davamçısı kimi də qələmə verirlər. Bu da həm qardaş Türkiyəyə olan bir daha münasibətdən irəli gəlir, həm də ki Bəxtiyar Paşanın fəaliyyətindən artıq cəmiyyət də xəbərdardır. Bu da ümumiyyətlə Bəxtiyar paşanın Azərbaycan olan münasibətinə olan bir hörmət kimi qəbul etmək lazımdır”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top