Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb — FOTO

KRİMİNAL 09 dek 2022, 13:22
Rusiyada həbs edilmiş 1996-cı il təvəllüdlü Cavadzadə Teymur Rahim oğlundan 2 aydan artıqdır xəbər yoxdur.

Bu barədə “Qafqazinfo”ya müraciətində T.Cavadzadənin bacısı Nümunə Ağayeva bildirib.

Onun sözlərinə görə, qardaşı həbsxanadan Ukraynaya müharibəyə aparılıb və xeyli vaxtdır itkin düşüb:

“Qardaşım 1996-cı ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub, həmin kənddə pasport qeydiyyatındadır. 2018-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdi. Lakin 2019-cu ildə bir davaya qarışdı və ittiham edilərək orada həbs olundu, 7 il cəza aldı”.

N.Ağayeva əlavə edib ki, qardaşı cəzaçəkmə müəssisəsindən vaxtaşırı olaraq yaxınları ilə telefonla əlaqə saxlayıb. Sonuncu dəfə isə o, bu ilin 25 sentyabr tarixində ailəsi ilə danışıb: “Telefonda bizə dedi ki, Rostov şəhərindədir. Bildirdi ki, telefonları və sənədləri toplayırlar, bir müddət əlaqə saxlaya bilməyəcək. Lakin həmin vaxt müharibəyə aparıldığını demədi”.

Bundan sonra xeyli vaxt Teymurdan xəbər ala bilməyən yaxınları narahat olmağa başlayıblar və onun əmisi Əfqan Cavadov qardaşı oğlunu axtarmaq üçün Rusiyaya yollanıb:

“Məlum oldu ki, qardaşım oktyabr ayının əvvəlində müqavilə imzalayaraq Rusiya ordusunda döyüşməyə gedib. Rusiyanın Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları qardaşıma və bir neçə digər məhbusa müqavilə imzaladıb və söz veriblər ki, Rusiya üçün döyüşə getsə, qalan cəza müddəti əfv olunacaq”.

Şikayətçi məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və qardaşı Teymur Cavadzadənin tapılması üçün köməklik göstərilməsini xahiş edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top