“Volkova Moskvadan tapşırıq verilməsə, Azərbaycan ərazisinə iranlı terrorçuları buraxa bilməz” — Deputat

SİYASƏT 06 dek 2022, 10:54
“1988-92-ci ilə qədər olan dövrlərdə mən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov kimi satqın generalların, komendantların neçəsini görmüşəm, onlarla üz-üzə gəlmişəm. Onların bu satqın, xəyanətkar hərəkətlərinin şahidi olmuşam. Volkov da onlardan biridir, yəni Volkov olmasın, qeyri-Volkov olsun, özbaşına heç bir hərəkət edə bilməz. Tapşırıq Moskvadan, yəni mərkəzdən verilir. Ona Moskvadan tapşırıq verilməsə, Azərbaycan ərazisinə iranlı terrorçuları, diversantları buraxa bilməz. Tapşırıq almasa ki, sən cinayətkar Vardanyanla, separartçılarla əməkdaşlıq elə, onları müdafiə elə, təhlükəsizliyinə təmin elə, o, bunu etməz. Yəni, bütün bu tapşırıqların, hərəkətlərin hamısı mərkəzdən verilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Millət vəkili qeyd edib ki, bir sıra qüvvələr ölkəmizə qarşı ciddi oyunlar qurmaqdadır:

“Bu, Azərbaycana qarşı Rusiya-Ermənistan-İran-Fransa birliyinin oyunudur. Həmin dördlük Azərbaycana qarşı hərəkət edir. Düzdür, Rusiya bunu bir az pərdələmək istəyir. Ancaq unutmayaq ki, Qarabağda olanlar sülhməramlılar deyil, Azərbaycana daxil olmuş növbəti işğalçı, hərbi kontingentdir. Bunlar bizim başımıza hansı oyunlar açacaqlar hələ məlum deyil. Gələn gündən iki ildir ki, bunların nə ilə məşğul olduğu hamımıza məlumdur. Onlar gələn gündən terrorçularla, cinayətkarlarla, separatçılarla əməkdaşlıq edirlər, onları müharibəyə hazırlayırlar və bu gün də bunlar davam edir. Bura Azərbaycan ərazisidir. Volkov hansı haqqla, hansı hüquqla onları bizim ərazimizə buraxır!? Bax buna görə iki il ərzində demişəm, bu gün də həmin fikrimin üstündə dayanıram. Fikrim də dəyişməyəcək. Mütləq həmin yolda Azərbaycanın sərhəd buraxılış məntəqəsi olmalıdır! 

Deputat əlavə edib ki, Rusiya hərbi kontingentinin missiyası məlum sənəddə öz əksini tapır:

“Bunlar sərhədçi missiyasını yerinə yetirə bilməz. Azərbaycan sərhədçisi həmin yolda Azərbaycan ərazisindən Ermənistana aparılan yolda mütləq özlərinin postlarını qurmalıdır! Sərhədçimiz, gömrüyümüz, polisimiz, bütün mühafizə orqanlarımız orada öz funksiyalarını, vəzifələrini, xidmətlərini yerinə yetirməlidirlər! Əks təqdirdə, ora iranlı terrorçu da gələcək, erməni terrorçusu onsuz da gəlib gedir, fransız da gəlib gedəcək. Deməklə ki sən bunu niyə buraxdın ya buraxırsan, o min bəhanə gətirəcək. Sadəcə, bunun qarşısının almağın yeganə yolunu deyirəm. Sosial şəbəkədə də, mətbuatda da müəyyən ekspertlər fikir səsləndirirlər ki, yolu bağlamaqdan danışmaq ermənilərin əlinə fürsət verir. Yəni, Azərbaycan Qarabağdakı erməniləri blokadada saxlayır və s. Mən demirəm ki, yolu bağlayaq, ancaq o yolda bizim mütləq nəzarətimiz olmalıdır! İkinci bir tərəfdən, sən işğalçı erməni Azərbaycandan Naxçıvana, ya Naxçıvandan Azərbaycana mənə bu iki il ərzində yol vermisənmi? Verməmisən. Mən niyə sənə yol verməliyəm?! Hər şey qarşılıqlı olmalıdır! Sən öhdəlik götürmüsən. Bu, öhdəliyi həm Ermənistan, həm Rusiya götürüb. Bunun ikisindən heç biri götürdüyü öhdəliyi yerinə yetirməyib. Bizim boynumuza niyə yük qoyursunuz?! Mən də sənə yol vermirəm ərazimdən!”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top