Kərim Vəliyevin ABŞ səfəri: “Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır”

SİYASƏT 02 dek 2022, 22:56
“ABŞ-ın Cənubi Qafqazda ciddi geostrateji maraqları var. Ona görə də, Ağ Ev region dövlətləri ilə yaxınlaşma siyasəti yürütməyə üstünlük verir. Ümumiyyətlə, Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətinə müəyyən düzəlişlər etməyə başlayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

Analitikin sözlərinə görə, son vaxtlara qədər Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətini daha çox Ermənistan üzərindən qurmağa üstünlük verirdi. Ancaq hazırda iki önəmli faktor Ağ Evin bu mövqeyini dəyişmək məcburiyyətində buraxıb. 

“Birincisi, Paşinyan hakimiyyətinin son davranışları Ağ Evi rəsmi İrəvanla əməkdaşlığa daha ehtiyatlı yanaşmaq məcburiyyətində buraxdı. Çünki, rəsmi İrəvan ABŞ, Fransa, Rusiya və İran arasında davamlı manevrlər etməklə, etibarlı tərəfdaş olmadığını qabarıq şəkildə göstərdi. Ağ Evdə Ermənistan kimi ABŞ-ın maraqları ilə oynayan, xaotik siyasət yürüdən ölkələrə adətən, güvənmirlər. Bu səbəbdən də son vaxtlar ABŞ-ın Cənubi Qafqaz siyasətinin yalnız Rusiyanın təsir dairəsindən çıxmaq şansının olmadığı təsdiqlənən Ermənistan üzərində indeksləşdiyini iddia etmək mümkün deyil. Digər tərəfdən, Ağ Evdə nəhayət ki, anladılar ki, ABŞ-ın yalnız Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz edib, yerləşməsi mümkün olmayacaq. Çünki Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır. Azərbaycanın maraqlarını təmin etmədən heç bir kənar dövlət və ya beynəlxalq qurum bu regionda duruş gətirə bilməz. Rəsmi Bakının ermənipərəst mövqeyinə görə Fransanı Cənubi Qafqazdakı regional sülh prosesindən kənarlaşdırması da Ağ Evin geopolitik hədəflərinin dəqiqləşməsinə birbaşa təsir göstərdi. Yəni, hazırda ABŞ regionda yeganə müstəqil siyasət yürüdən dövlət olan Azərbaycan ilə geostrateji tərəfdaşlıq niyyətini daha ön plana keçirtməyə çalışır”.

E.Xalidbəyli  qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə, eləcə də, onun Pentaqonun yüksək rütbəli təmsilçiləri ilə görüşlərinə də məhz bu kontekstdən yanaşmaq daha doğru olar: 

“Belə anlaşılır ki, ABŞ Azərbaycanla hərbi-siyasi tərəfdaşlıq qərarı vermək ərəfəsindədir. Əgər, bu, reallaşarsa, Ermənistanın beynəlxalq itkiləri daha da artmış olacaq. Və bu baxımdan, rəsmi Bakının hərbi-siyasi diplomatiya sahəsində böyük uğurlar qazandığını düşünmək olar. Hazırda Ağ Evin mövqeyi müəyyən mənada, rəsmi Bakını qane edə biləcək məzmun daşıyır. Çünki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, Ağ Ev Azərbaycan və Ermənistanı mövcud problemləri həll etmək üçün birbaşa, yəni, Rusiyanın iştirakı olmadan ikitərəfli təmaslara üstünlük verməyə çağırır”.
“Nəhayət, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə paralel olaraq, Pentaqon Azərbaycanı məmnun edəcək bəyanat ilə də çıxış edib. Həmin bəyanatda vurğulanır ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün rəsmi Bakı ilə hərbi-siyasi əməkdaşlığa hazırdır. Yəni, Ağ Ev rəsmi Bakıya dəstək vermək niyyətini biruzə verməyə başlayıb. Bütün bunlar onu göstərir ki, xaotik siyasət həvəskarı olan, tərəfdaşlarına xəyanət etmək vərdişlərini tərgidə bilməyən Ermənistan daha bir ənənəvi beynəlxalq himayədarından məhrum olmaq üzrədir. Belə davam edərsə, ABŞ-ın Cənubi Qafqazda geopolitik və geostrateji fəallığı bundan sonra Azərbaycanla tərəfdaşlığa indeksləşə bilər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top