Daha bir məktəbdə “Şuşanın 270 anı” filmi nümayiş olundu — FOTOLAR

SOSİAL 01 dek 2022, 16:00
Laçının Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümündə paytaxtdakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin 270 illiyinə həsr edilən “Şuşanın 270 anı” adlı filmin təqdimatı olub.

Demokrat.az
xəbər verir ki, təqdimatdan öncə çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət qeyd edib ki, Azərbaycanın göz bəbəyi olan Şuşa artıq iki ildən çoxdur ki, düşmən işğalından azad edilib. O, bildirib ki, elə bir azərbaycanlı olmaz ki, Şuşa adı gələndə həyəcanlanmasın. Direktor, filmin bu baxımdan müəllimlər və şagirdlər üçün yaddaqalan olacağını vurğulayıb.

 “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin  sədri, filmin müəllifi, teleaparıcı Lalə Azərtaş çıxış edərək bildirib ki, Şuşanın 270 illiyinə ərməğan edilən filmin çəkilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub. Filmin ərsəyə gəlməsi ilə bağlı məlumat verən Azərtaş çəkiliş zamanı yaşadığı duyğuları məktəb kollektivi ilə bölüşüb.

Daha sonra film qonaqların ixtiyarına verilib. Ekran əsəri şagirdlər və müəllimlərin duyğulu anlar yaşamasına səbəb olub. 

Filmin təqdimatından sonra BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də öz fikirlərini bölüşüb. O, çıxış edərəkən L.Azərtaşın bir jurnalist və vətəndaş kimi istər 44 günlük savaşa qədər, istər savaş günlərində, istərsə də savaşdan sonra informasiya cəbhəsində yorulmadan çalışdığını vurğulayıb. Azər Həsrət eyni zamanda şagirdlərə, Müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyini bildirib.

Tədbir məktəb şagirdlərinin bir-birindən gözəl ifaları və rəqsləri ilə yekunlaşıb.

Nəzrin
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top