Makron-Paşinyan cütlüyünün “şıltaqlıqlarına” meydan verilməməlidir

SİYASƏT 01 dek 2022, 17:12
Fransanın Milli Assambleyası gözlənildiyi kimi “Ermənistana dəstək haqqında”  Azərbaycan əleyhinə növbəti qətnaməni qəbul etdi. Təəssüf ki, yuxarı palatanın bir qədər əvvəl qəbul etdiyi tələbləri təkrarlayan aşağı palatada bir nəfər də olsun ağıllı və ədalət hissini itirməmiş deputat tapılmadı və qətnamə yekdilliklə qəbul edildi.  Bu ədalətsiz qətnamənin əvvəcə Senatda, sonra isə Milli Assambleyada müzakirəsinə imkan verən “sülhsevər” Fransa hökuməti özünün riyakar mahiyyətini bir daha ortaya qoydu.

Qətnamədə  “Ermənistanın hərbi potensialının artırılması”, "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qeyd-şərtsiz qaytarılmasını”, “erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməsini", “Azərbaycan dövlətinə qarşı sanksiyalarla yanaşı həm də ayrı-ayrı şəxslərə fərdi sanksiyaların tətbiq olunmasını” tələb etməklə yanaşı deputatlar  Fransa hökumətinə vasitəçilik “səylərini” bundan sonra da davam etdirməyi də təklif ediblər.

Son dövrlər artıq adət etdiyimiz kimi yalan və iftiralarla dolu olan bu qətnamənin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıdığı heç kimdə şübhə doğurmur. Gözlənildiyi kimi, Fransa hökuməti növbəti dəfə riyakarlıq nümayiş etdirdi və tələsik qətnamənin onun mövqeyini ifadə etmədiyini bəyan etdi. Bununla belə çox böyük təəssüf hissilə qeyd etmək lazımdır ki, Fransanın son addımları Brüsseldə kiçik də olsa müəyyən uğurlarla davam edən sülh danışıqlarına ciddi zərbə vurdu və “tərəfsiz vasitəçi”liyə iddia edən bu dövlət ilin sonuna qədər imzalanması gözlənilən “sülh sazişi”nin qarşısını almaq, danışıqlar prosesini pozmaq üçün üçün əlindən gələni etdi.

Nəticədə, dekabrın 7-nə planlaşdırılan Brüssel görüşünün baş tutması son dərəcə çətinləşdi. Ermənistan açıq şəkildə tərəfli mövqe tutduğuna görə Fransa prezidentinin həmin danışıqlarda mütləq iştirak etməsi tələbini irəli sürdü. Azərbaycan prezidenti haqlı olaraq bu tələbi qətiyyətlə rədd etdi. Açıq şəkildə bildirdi ki, E.Makron tərəfsizliyini itirdiyinə görə vasitəçi ola bilməz.

 Digər tərəfdən Brüssel danışıqlarının 4 raundunun hamısında yeganə vasitəçi Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel olub. E.Makron yalnız Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Praqada keçirilən görüşdə vasitəçi kimi iştirak edib. Görünür görüşdə layiq olduğu cavabı aldığına görə tədbirdən dərhal sonra Azərbaycan əleyhinə böhtanlar səsləndirmək ehtiyacı hiss edib və bununla da bundan sonra vasitəçi olmaq haqqını itirib.

Ümid etmək istərdik ki, Avropa İttifaqı rəhbərliyi qətiyyətli mövqe tutacaq və Makron-Paşinyan tandeminin “Brüssel platforması”nı sıradan çıxarmasına imkan verməyəcək. Bu ay keçirilməsi nəzərdə tutulan görüşün hətta vaxtında baş tutmaq imkanı hələ də itirilməyib. Sadəcə olaraq Ş.Mişel müstəqil siyasi fiqur olduğunu nümayiş etdirməli və görüşün bu məsuliyyətsiz “cütlük” tərəfindən pozulmasına imkan verməməlidir. Əks halda, böyük ümidlərlə başlayan “Brüssel prosesi” öz ömrünü vaxtından xeyli əvvəl başa vuracaq və tarixin arxivinə gömüləcək. Azərbaycan rəhbərliyi bu “vaxtsız ölümün” baş tutmasında qətiyyən maraqlı olmasa da Makron-Paşinyan cütlüyünün “şıltaqlıqlarına” imkan vermək fikrində olmadığını qəti şəkildə bəyan edib və onun bu mövqedən çəkilməyəcəyi heç kimdə şübhə doğurmamalıdır.

Abutalıb Səmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top