“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan qanunlarına tabe olmalıdır” — Politoloq

GÜNDƏM 30 noy 2022, 23:22
“Son dövrlər Rusiya sülhməramlı kontingenti tərəfindən Qarabağla bağlı hazırlanan məlumat blütenlərində toponimlərin saxtalaşdırılmasının artması ilə bağlı Azərbaycan tərəfindən narazılıqlar var. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi də öz narazılığını dəfələrlə ifadə edib. Rusiya hərbi kontingentindən tələb olunur ki, Azərbaycan qanunlarına uyğun olaraq Azərbaycan ərazilərində yerləşdikləri üçün həmin ərazilərdəki toponimlərdən olduğu kimi istifadə olunsun. Hələlik, Rusiya hərbi kontingenti bu çağırışları qulaq ardına vurur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq diqqətə çatdırıb ki,  Rusiya hərbi kontingenti Qarabağda yerləşəndən sonra həm yaydıqları məlumatlarda, həm də xəritələrin üzərində saxtakarlıq edilirdi:

“Azərbaycan Müdafiə Nazirliyinin tələbi ilə bu xəritədəki yanlışlıqlar düzəldilirdi. Həmçinin,  toponimlərin adı da ermənicə səsləndirilirdi. Qeyd edim ki, həmin ərazilərdə uzunmüddət sakitlik olduğundan, yəni təxribatlara yol verilmədiyi üçün blütenlər və məlumatlar da az-az yayılırdı. Demək olar ki, biz bu xəbərlərə rast gəlmirdik. Son iki ayda diqqət etdiyiniz kimi, Rusiya hərbi kontingentinin nəzarətində olan ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinin təxribatları ciddi şəkildə artıb və Azərbaycan  ordusunun mövqeləri atəşə tutulur. Bununla bağlı artıq məlumatların hazırlanma intensivliyi də artıb və bu cür saxtakarlıqlara tez-tez rast gəlirik. Yəni, bunun Ukrayna savaşı və digər məsələlərlə əlaqəsi yoxdur. Sadəcə olaraq Ukrayna savaşı başlayan dövrlərdə Rusiya hərbi kontingentinin nəzarəti altında olan ərazilərdə də sakitlik hökm sürürdü və hansısa təxribatlara yol verilmirdi. Yəni, Rusiya nın başı Ukraynaya qarışdığı üçün burada bir az diqqətdə azlamışdı.  

Son dövrlər təxribatların sayı artıb. Azərbaycan Müdafiə Nazirlyi tərəfindən bütün bunlar sərt şəkildə qınanıldı və Rusiya Müdafiə Nazirliyindən sülhməramlı kontingentinin bu səhvləri düzəldilməsi istənilir. Birmənalı şəkildə, Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan qanunlarına tabe olmalıdır. Daha doğrusu, Azərbaycan dövlətinin ərazisində olduğunu bilməli və Azərbaycan qanunlarına, toponimlərinə hörmət etməli və öz blütenlərində də buna uyğun həmin toponimlərdən istifadə etməlidir”.

Nəzrin Hüseynli 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top