“1991-də müstəqillik qəbul olunanda, ölkənin “Şimali Azərbaycan” adlandırılması ilə bağlı çıxış etmişəm” — İstiqlalçı deputat

SİYASƏT 30 noy 2022, 15:51
“Mən 1991-ci ildə ilk dəfə müstəqillik aktı qəbul olunanda Azərbaycanın adının “Şimali Azərbaycan Respublikası” adlandırılması ilə bağlı çıxış etmişəm. Təklif qəbul olunmayandan sonra mən öz visit kartımda, deputat blankımda “Şimalı Azərbaycan Respublikasının millət vəkili” kimi yazdım”. 

Bu barədə Demokrat.az-a açıqlamasında istiqlalçı keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. Sabiq deputat  həmin illərdə bu barədə dəfələrlə çıxış etdiyini diqqətə çatdırdı.

“O vaxt hesab edirdim ki, artıq biz yeni konstitusiya və dövlətin adını qəbul ediriksə, bunu bu cür qoymaq olardı. Ümumiyyətlə, bunun dünyada analoqu var idi. Məsələn, Şimali və Cənubi Koreya var idi. Ondan xeyli əvvəl də Almaniya müxtəlif adlarla bölünmüşdü. Yəni, ölkənin adı Şimali Azərbaycan adlandırılsaydı, müəyyən məsələləri qaldıranda bizə rahatlıq gətirəcəkdi. Amma, həmin vaxt məsələni anlamadılar və məcbur olub yalnız visit kartımı bu cür qoya bildim. Hətta, 2010-cu ildə parlamentdə Türkmənçay müqaviləsinin qüvvədən düşməsinin tanımaq haqqında məsələ qaldırdım. Orada da iki məsələ qoydum. Birincisi, ölkənin adının dəyişdirilməsi, ikincisi də bu müqavilənin qüvvədən düşməsini. Bundan sonra İrəvan xanlığının taleyini gündəmə gətirmək olardı. Bunu gətirməklə isə biz artıq ermənilərə növbəti hüquqi meydanda çox ciddi şəkildə zərbə vura bilərdik. O vaxt o qədər ciddiyə alınmadı. Amma, indi zaman və şərtlər dəyişib. Hər kəs bunu səsləndirir. Bu sevindirici haldır.Demək istəyirəm ki, mən nəinki bu məsələləri təqdir edirləm, bu məsələni ilk təklif edən şəxs olmuşam”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top