Bakıda dostunun qətlini sifariş verən şəxs niyə intihar edib? — 11 il əvvəl baş verən cinayətin YENİ DETALLARI

KRİMİNAL 30 noy 2022, 09:58
Bakının Xətai rayonunda 11 il əvvəl qətl hadisəsi törətməkdə təqsirli bilinən Əhəd Salahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, 2011-ci il oktyabrın 31-də paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda 1974-cü il təvəllüdlü İlkin Qurbanovun üzərində zorakılıq əlamətlərinin izləri ilə meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu qətl hadisəsi ilə bağlı istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən bu il cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə  icraat təzələnib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Əhəd Salahovun yaxın dostluq, eyni zamanda qohumluq əlaqələri olan Firudin Məmmədovun zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişənin gedişində sonuncunun bilavasitə sifarişi və köməkliyi ilə qabaqcadan birgə hazırladıqları plana uyğun olaraq 2011-ci il oktyabrın 31-də saat 23 radələrində İlkin Qurbanovun evinin yaxınlığında bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa istintaq materiallarına əsasən hadisədən qısa müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhəri, Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.

2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top