“O fikirləri bölüşmürəm ki, erməni iş adamları azərbaycanlılardan daha çox Vətənə bağlıdır” — Sabiq deputat

SOSİAL 29 noy 2022, 21:59
“Ruben Vardanyan erməni əsilli Rusiya milyarderidir. O, əslində Rusiya hökumətinin yaxınlığında olan bir şəxs olub. Kremlə yaxın olan şirkətlərlə işləyib və qazancını demək olar ki, çirkli yollarla həyata keçirdib. Onun Qarabağa gəlişi də təsadüfi deyil. Yəni, Kremlin onu bura göndərməkdə bir sıra məqsədləri var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, iqtisadçı ekspert Nazim Baydəmirli deyib. Sabiq deputat vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların mövcud olması, Rusiyada yaşayan milyarderlər orada olan bizneslərini müxtəlif yerlərə köçürməklə məşğuldurlar.  Bu mənada Kremlin mənfur siyasəti ilə Vardanyanın mənfur niyyəti üst-üstə düşür. Təəssüf edirəm ki, Vardanyanın Qarabağa gəlməsinə Azərbaycan ilk günlərdə ciddi təpki göstərmədi. Artıq isə Vardanyan orada əl-qol açmağa başlayıb. Hətta, yerli “hökumət başçısı” elan olundu. Bütün bunlar Azərbaycana meydan oxumaqdır. ”Sülhməramlı”lar əslində orada işğalçıları himayə edir”.

Onun sözlərinə görə, zaman-zaman azərbaycanlı milyarderlər də Qarabağın inkişafı üçün çoxsaylı ianələr edib:

“Mən heç də o fikirləri bölüşmürəm ki, erməni milyarderlər və iş adamları azərbaycanlılardan daha çox Vətənə bağlıdırlar. Xaricdə yaşayan Azərbaycan əsilli milyonerlər, iş adamları, hətta sadə vətəndaşlar zaman-zaman Azərbaycanın və Qarabağın inkişafı üçün kifayət qədər böyük ianələr ediblər və bu gün də edirlər. Elə İkinci Qarabağ savaşı başlayan zaman mənim də təşkilatçılığım ilə Müdafiə Fonduna vəsait köçürülüb, hansı ki, bu tədbirlər böyük vüsət almışdı. Hətta, şəxsən tanıdıqlarım və Rusiyada yaşayanlar kiçik iş adamları belə təşəbbüs göstərdilər ki, pul köçürsünlər.  Problemin bir səbəbini də burada axtarmaq lazımdır ki, Azərbaycanda məmur sahibkarlığı var. Məmur sahibkarlığı inhisarçılıq yaradır.  Hesab edirəm ki, digər millətlərdən azərbaycanlılar öz vətəninə daha çox bağlıdırlar”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top