“"Sülh göyərçini" Vardanyanın planları artıq deşifrə olunub” — ŞƏRH

GÜNDƏM 29 noy 2022, 20:28
"Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş rus sülhməramlıları kontingentinin olduğu bölgədə bu gün separatçılıq meylləri təşviq olunur”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, Rusiyanın Xankəndinə göndərdiyi Ruben Vardanyanın diqtəsi ilə orada bəzi proseslər baş verir. 

“İlk öncə bu proseslərin cavablanması Azərbaycan tərəfindən ekspert səviyyədə həyata keçirilirdisə, daha sonra cənab Prezident İlham Əliyev bu məsələyə fikir bildirdi. Eyni zamanda Soçi görüşü öncəsi baş verən hadisələr, Xankəndidə mitinqin keçirilməsi görüşün əhəmiyyətinin artırılmasına hesablanmışdır. Hazırki mərhələdə Vardanyan bölgədə etnik ermənilərlə görüşür. Sosial, iqtisadi layihələr ətrafında bəzi fikirlər irəli sürür. Onun əsas arqumentasiyası ondan ibarətdir ki, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etməyib və sülhün tərəfdarıdır. Lakin bu kökündən yanlış yanaşmadır. 

Çünki o, Birinci və İkinci Qarabağ müharibələri zamanı erməniləri dəstəkləyib, maliyyə yardımı ayırıb və Azərbaycan ərazilərinin işğal altında qalması istiqamətində əlindən gələni edib. Hazırda da özünü "sülh göyərçini" kimi təqdim etməyə çalışsa da, onun məkrli niyyətlərinin haradan qaynaqlandığını rəsmi Bakı yaxşı başa düşür. Digər tərəfdən, Araik Harutyanın əvəzinə onun ortaya atılması, daha sonra Xankəndidən İrəvana lider şəklində gətirilməsi planları artıq deşifrə olunub. Eyni zamanda, bütün baş verən proseslər Rusiyanın himayəsi altında həyata keçirildiyi də heç kimə artıq sirr deyil. 

Politoloqun sözlərinə görə, digər müzakirə olunan mövzu Rusiyanın Qarabağ klanını təşviq etməsi fonunda bütün təşəbbüslərin Ermənistanda qabaqlanması prosesidir. 
“Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qalib gəldi. Bu gün ona qarşı “Qarabağ klanı”nın tör-töküntüləri - Serj Sarkisyan və Robert Koçaryan əlindən gələni etsələr də, Paşinyana qarşı bu müqavimət mümkün olmur. Məhz bu səbəbdən Robert Koçaryanın vaxtında xarici işlər naziri olmuş Vardan Oskanianı yenidən siyasi dövriyyəyə buraxmağa çalışırlar. Eyni zamanda, Fransa qəti şəkildə Ermənistanı dəstəkləyir. Makronun qərəzli bəyanatlarından sonra Fransa Senatı da ölkəmizə qarşı çox çirkin qətnamə qəbul etdi. Eyni zamanda Brüssel formatı da yeni görüş keçirilməsi nəzərdə tutulurdu. Ermənistan tərəfi KTMT iclasında bəyannaməni imza etməkdən imtina etsə də, gözlənilirdi ki, Qərb istiqamətində reverans həyata keçirsin. Lakin Ermənistanın tələbi bundan ibarət oldu ki, görüşdə mütləq Fransa prezidenti Makron da iştirak etməlidir. Bu bizim üçün qəbuledilməz yanaşmadır. Prezident İlham Əliyev də bildirdi ki, Fransa əgər danışıqlarda iştirak edəcəksə, bu danışıqlar bizim üçün məqbul hesab olunmur. Bu da məntiqli yanaşmadır, Fransanın mövqeyi bəllidir. Açıq şəkildə birtərəfi dəstəkləyirsə, bu danışıqların mənasını heçə endirir. Ermənistan bu gün kənarda özünə dəstək axtarır. Bilirik ki, Fransa və ABŞ-da erməni lobbisi aktiv fəaliyyətdədir. Buna görə də, Azərbaycan tərəfi ayıq-sayıq olmalı və bütün erməni planlarının üzərindən xətt çəkməyə çalışmalıdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top