“Aparıcılar ən çox dilimizə zərbə vuranlardır” — Xeyrəddin Qoca

SOSİAL 29 noy 2022, 17:13
“Radio verilişləri həmişə televiziyalardan səviyyəli olub. Son zamanlar dilimizi bilməyən adamlar radiolara da ayaq açıbIar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim, sabiq millət vəkili Xeyrəddin Qoca deyib. 

“Təkcə bir verilişi axıra qədər dinləsəniz, aparıcılardan tutmuş, çıxış  edənlərin hamısının dilimizi bilmədiklərinin, çoxlu səhvlər etdiklərinin şahidi ola bilərsiniz. Hələ onu demirəm ki, aparıcılar özlərini "çox bilikli" göstərmək üçün danışanların əvəzinə danışır, onların "fikrini oxuyurlar" kimi, əlavələr edirlər. Adama deyərlər, sual vermisən, cavabını gözlə! Həm də müsahibin sözünü yarımçıq kəsmək mədəniyyətdən uzaqdır! 

Eyni hərəkətlər televiziyalarda daha çox olur. Sanki dilimizi bilməyən ən savadsız adamları televiziyalara işə götürüblər. Tərcümə edilmiş filmlərə baxsanız, hər şeyi aydın görərsiniz! İngilis bir-birinə deyir "kül sənin başına!" Heç ingilislərdə elə qarğış var? Və yaxud, "it oğlu it!"...

Aparıcılar ən çox dilimizə zərbə vuranlardır! Təkcə səs, diksiya, görünüş kifayət deyil, ən önəmlisi dili bilməkdir! "İlk-əvvəl" nə deməkdir? Əvvəlin ilki də olur? "Əvvəlcə" desələr dilləri quruyar? Hərəsi oradan-buradan bir söz eşdir, gəlib üfürürlər ekranlara! Heç danışdıqlarını özləri də başa düşmürlər!
Bizim bir yazıçı var, deyir "televiziyalardan otuz min səhv söz tutmuşam!" Mən bilirəm ki, otuz mindən də çoxdur! Televiziyalara baxanlar da elə bilirlər ki, ekranlarda sözlərin səsləndiyi kimi danışsalar, mədəni çıxar! Beləliklə, insanlar televiziyalardan öyrənmək əvəzinə, daha da savadsızlaşırlar! Hələ ekranlarda, efirlərdə işlədilməsi mümkün sayılmayan ifadələrdən istifadə olunduğunu demirəm...

Ümumiyyətlə bu "monitorinq" (bu sözü haradan tapıblar, bilmirəm!) aparanların özlərinin Azərbaycan dilini səlist bilmələrindən şübhəm var! Görəsən, televiziyaların rəhbərləri, rejissorlar, redaktorlar öz məsuliyyətlərini başa düşürlər?  Hər şeydən əvvəl, onların milli kadrlar olması vacibdir! 
Televiziyalarımıza baxanda bizə elə gəlir ki, çoxları mənasız, məzmunsuz danışıqları ilə gözə kül üfürməyə, efir doldurmağa çalışırlar! Şit, bayağı , əttökən danışıqlar insanları yorur!..

Mavi ekranlarda, efirlərdə dilimizin necə korlanması faktları çoxdur.

Azərbaycan dilinə xələl gətirənlərdən bir xahişimiz var: Bacarmırsınız, işləməyin!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top