“Belə getsə, Azərbaycan tərəfi antiterror əməliyyatları keçirə bilər” — Deputat

GÜNDƏM 28 noy 2022, 23:27
“Son vaxtlar Robert Koçaryan və onun komandasının aktivləşməsi, Vardanyanın hakimiyyəti gətirilməsi, hansı ki, qondarma qurumun dövlət naziri kimi özünün təqdim etməsi kimi hallar müşahidə olunmaqdadır.  Bütün bunlar da onu göstərir ki, Paşinyanın əvəzinə Vardanyanın hazırlanması prosesi gedə bilər. Ümumiyyətlə, həm Ermənistanın havadarları, həm də Vardanyanı ora göndərmiş Rusiya Qarabağda gərginliyin daha da artırılmasına çalışırlar. Çünki Azərbaycan birmənalı şəkildə sülhün bərqərar olması istiqamətində addımlar atır və beş təklifini irəli sürüb. Ermənilər beş təklifin pozulması üçün də ciddi cəhdlər edirlər. Bunun da ən böyük problemi məhz ərazidə qondarma qurumun quldur dəstəsini saxlamaq, eyni zamanda Ermənistandan gətirilən hərbçilərin orada saxlanmasıdır”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Millət vəkili qeyd edib ki, rus sülhməramlıları da öz üzərinə düşən missiyasını sona qədər həyata keçirə bilmir:“Son vaxtlar Azərbaycan toponimlərinin adlarını öz məruzələrində erməni adları kimi göstərmək, eyni zamanda Ermənistan ərazisindən və digər istiqamətdən hərbi texnikanın daşınmasına müşayiət etmək kimi məlumatlar var. Təəssüf doğurucu məsələ odur ki, onun missiyası münaqişə edən tərəfləri daimi sakitləşdirmək, onlar arasında durmaqdır. Bu və ya digər şəkildə kiməsə kömək etmək bunların missiyasına uyğun deyil. Onlar gözəl başa düşürlər ki, sülh müqaviləsi imzalansa, onlar dərhal ərazidə çıxarılacaqlar və müqavilələri tamam olan kimi tərk etməlidirlər. Təbii ki, bunlar da ciddi cəhdlə çalışırlar ki, o istiqamətdə addımlar atsınlar və  daha çox mandatlarını  uzatmaq istiqamətində cəhdlər göstərsinlər. Bununla da, 10 noyabr sazişinin, Brüssel danışıqlarının, Soçi danışıqlarının birmənalı şəkildə əleyhinə işləyən addımlar atılır”. 

“KTMT-nin son iclasında Paşinyanın atdığı addımlar və Rusiyaya qarşı apardığı təbliğat ondan ibarətdir ki, məhz Qərbə daha çox yönəlsinlər. Təbii ki, paralel olaraq da Rusiya bunu başa düşür. Rusiya da regionda qalması üçün bu və ya digər şəkildə öz addımlarını atmağa çalışır. Bu səbəbdən də, qondarma status məsələsini tez-tez qabardırlar. Hətta, son vaxtlar bəyanatlar verirlər ki, guya müharibədən öncə ki yardımdan çox bu gün diaspora təşkilatları yardım edir. Bu da inandırıcı görünmür, çünki məğlub olan bir istiqamətə heç vaxt sərmayə yatırılmaz. Çünki bu sərmayənin sonunun nə ilə nəticələnməsi məlum deyil. Ona görə də düşünürəm ki, burada əsas məram və məqsəd ora qaçaq yolla daşınan, hətta pul vəsaitlərinin leqallaşmasıdır. Bunlar unutmamalıdır ki, əgər belə getsə, heç bir beynəlxalq sazişi qanunları pozmadan Azərbaycan tərəfi antiterror əməliyyatları keçirə bilər. Daimi Azərbaycan əhalisi üçün təhdid yarada biləcək o kontingentin oradan qovulması istiqamətində addımlar atıla bilər. Əgər belə məsələ olsa, təkcə regional deyil, beynəxalq səviyədə də qarşıdurmalar yarada bilər. Bunu ilk növbədə ermənilər dərk etməlidir, bunu onların havadarları başa düşməlidir ki, artıq Qarabağ məsələsi bitib. Məsələ isə bu gün Azərbaycan və Ermənistan arasında çözülməlidir”, - deyə sonda deputat qeyd edib. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top