“Səttarxan, Pişəvəri, Xiyabani hərəkatlarının mətbuatda geniş təbliğatına ehtiyac var”

SİYASƏT 24 noy 2022, 14:36
“Azərbaycanın güneyində xüsusilə XX və XXI əsrin əvvəllərində baş verən bütün ictimai-siyasi prosesləri, hərəkatları cəmiyyətimizə çatdırmalıyıq. Cəmiyyətimizin hər bir təbəqəsi quzeyli və güneyli Səttarxan, Xiyabani və Pişəvəri hərəkatlarını bilməlidir. Çünki bir çox hallarda bu hərəkatlarla bağlı ziddiyyətli məsələlər ortaya qoyulur. Məsələn Səttarxan hərəkatının Qacarlar dövlətinə qarşı qoyulub-qoyulmaması, hətta Səttarxanı Qacarlar dövlətinin dağılmasında belə mühüm rol oynadığını iddia edənlər də var. Halbuki, mən qətiyyən bu fikirlə razı deyiləm. Ona görə də, bu məsələlər aydınlaşdırılmalıdır. Səttarxan və Bağırxanın istədikləri nə idi? Onlar Qacarlar dövlətini yıxmaq istəyirdilər, yoxsa orada yeniləşmə, demokratikləşmə, ümumiyyətlə, sözün həqiqi mənasında onların özlərini türk dövləti kimi aparmasınmı istəyirdilər? Bax bu məsələlərin əlbəttə aydınlaşmasına ehtiyac var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkoloq-alim Faiq Ələkbərli deyib.  Onun sözlərinə görə, bu hərəkatların televiziyalarda və mətbuatda geniş təbliğatına ehtiyac var.

“Aydınlaşmalıdır ki, Səttarxanın tutduğu mövqe milli mövqedir və bu mövqe tamamilə Qacarlar dövlətinin əslində mənafeyinə də uyğun idi.  Sadəcə sonrakı proseslər, ingilislərin oyunları və digər məsələlər həm Qacarlar dövlətinin, həm də Səttarxanın özünün əleyhinə işlədi. Xiyabani hərəkatı ilə bağlı da zaman-zaman fərqli düşüncələr var. Məncə, Məhəmməd Xiyabanini də cəmiyyətə yenidən təqdim etmək lazımdır. Bəzən Xiyabanin türklükdən uzaq olduğu və s. kimi digər məsələlər irli sürülür. Ancaq Xiyabanin heç də türklük əleyhdarı kimi də vermək düzgün deyil. Bundan başqa, Pişəvərinin 1945-46-cı illərdə istiqlalın bir addımdan geri çəkilməsinə nə kimi məsələlər səbəb oldu? Niyə Pişəvəri sona qədər mübarizə aparmadı və Azərbaycanın quzeyinə gəldi? Yəni, əslində bunların özü də olduqca aydınlaşdırılmalı məsələlərdir. Səttarxan, Pişəvəri, Xiyabani və Məhəmməd Kazım Şəriətmədarinin 1978-79-cu illərdə Müsəlman Xalq partiyasının lideri kimi oynadığı və Azərbaycan üçün oynadığı rolları indiki cəmiyyətimiz bilməlidir. Ümumiyyətlə, Azərbaycanın quzeyində bütün bu proseslər daha obyektiv, milli ruhda, sovet təfəkküründən uzaq, iran və ingilis təfəkküründən uzaq şəkildə yenidən ortaya qoyulmalıdır. Bunlara çox ciddi ehtiyac var. Ümid edək ki, bunlar da davam etdiriləcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top