"Cənab nazir, niyə nəzarət etmirsiniz ki, kino adına ayrılan pul hara gedir?" — Xalq artisti

MƏDƏNİYYƏT 23 noy 2022, 23:13
"Dünyanın heç bir yerində, heç bir ölkəsində kinoya pul vermir. Kino ən böyük ideoloji təbliğat kimi həm də böyük gəlir vasitəsidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov bildirib. Onun fikrincə, indi bəzi insanlar ucbatından bu struktur pozulub:

"Sağ olsun, cənab İlham Əliyev. Hər il kinonu qoruyub saxlamaq üçün müəyyən vaxta qədər bizə pul ayırır ki, kino qorunsun və saxlanılsın. Dağılıb, məhv olunmasın. Prezidentimiz bu qədər səxavət, humanistlik göstərir. Bu qədər diqqət və qayğı göstərir. Bəs bu ayrılan pullar hara gedir? Cənab nazir, niyə nəzarət etmirsiniz ki, kino adına ayrılan pul hara gedir?  O boyda kinostudiya var göndərin də ora? Niyə bizə axırda torbanın toz torpağı qalır?! Bunlar çox rahat həll olunası məsələlərdir".

Xalq artisti deyir ki, kino ilə bağlı ölkə prezidentinin xüsusi sərəncamı var: 

"Dövlət büdcəsində bu müharibə şəraitində, o boyda torpaqlarda bərpa işləri getdiyi bir vaxtda kinoya pullar ayırır. Bunların müqabilində Mədəniyyət Nazirliyinə bu qədər diqqət göstərirsə,  bu qədər pul ayırırsa, bu pulla da müəyyən iş görmək olar. Onda zəhmət çəkin, aidiyyatı üzrə rəsmi təsdiqləyin. Bu pul toxunulmazdır! Bu puldan bir qara qəpik də xərclənə bilməz! Çünki prezidentin sərəncamı ilə bu pul kinoya ayrılıb. Kino da istifadə olunmalıdır!”.

“Cənab prezidentə yalvarıram ki, kino üçün ayrıca komitə yaradılsın. Bu 6 milyonla da sizə söz verirəm ki, orada çox gözəl əsərlər yaranacaq və mexanizm işləyəcək. Kino dövlətin büdcəsinə də vəsait gətirəcək. Bu Mədəniyyət Nazirliyindən ayrılsın! Yoxsa, adı bizim, dadı özgələrinin olacaq. Kef edəcəklər özləri üçün. Bu da nəticəsidir. Təyin olunduqları heç iki il deyil. Cavan uşaqları doldurublar, heç biri istehsalatda olmayıb, heç birinin idarəçilik sistemindən xəbəri yoxdur. Ancaq xaricdə təhsil alıblar və bunun da ümumi işə  xeyiri yoxdur. Kino kinonun zəhmətini çəkən, kinonun təşkilati işlərini zaman-zaman formalaşdıran və onu ərsəyə gətirən insanların məsləhəti ilə olmalıdır. Kənar adamlar ora müdaxilə edə bilməz. Nə qədər belə özbaşınalıq olacaq, elə belə də olacaq!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top