Sumqayıtda 48 yaşlı kişi qardaşına niyə xəsarət yetirib? — TƏFƏRRÜAT

KRİMİNAL 22 noy 2022, 12:11
Sumqayıt şəhərində 1974-cü il təvəllüdlü Ülvi şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Daşqına (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı yaşayış binasının qarşısında baş verib. Ülvi aralarında yaranmış mübahisə zamanı Daşqını şillə və yumruq zərbələri vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Daşqın onun doğma qardaşıdır və onlar uzun müddətdir bir-biriləri ilə danışmırlar: “Qardaşım Daşqın anam ilə birlikdə ata evində yaşayır. Anam bir neçə dəfə mənimlə əlaqə saxlayaraq Daşqının onu yaşadığı evdə mütəmadi olaraq narahat etməsi və ona göz verib işıq verməməsi barədə məlumat verib. Hələ bu azmış kimi bir neçə dəfə məclislərdə Daşqınla rastlaşan zaman o böyük qardaş kimi mənə salam belə verməyib”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, anası ilə onun yaşadığı evin qarşısında oturaraq söhbət edən zaman Daşqın avtomobillə binanın qarşısına yaxınlaşıb: “Anam onu görən kimi özünü pis hiss etdi və narahat olmağa başladı. Bu mənə bir oğul kimi pis təsir etdi və Daşqına yaxınlaşdım. İlk olaraq Daşqından nə səbəbə mənə salam verməməsini soruşdum. Bu zaman Daşqın heç bir səbəb olmadan mənimlə kobud rəftar etdi, məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Mən onu nə qədər nizam intizama dəvət etsəm də, mənə əhəmiyyət vermədi, öz əməllərini davam etdirdi. Daşqın qıcıqlandırıcı ifadələrlə üzərimə gəldi, məni özümdən çıxarmağa cəhd edirdi. Artıq Daşqının bu hərəkətlərinə tam əsəbləşdim. Özümdən asılı olmayaraq onu özündən kənarlaşdırmaq məqsədilə bir qədər kənara itələdim. Ola bilsin ki, həmin vaxt əlim bir neçə dəfə onun üz nahiyyəsinə dəyib”. 

Ülvi bildirib ki, bundan sonra Daşqın öz avtomobilinə əyləşib və avtomobilin içərisindən uca səslə onu təhqir etməyə başlayıb: “Bu dəfə onun həyətdən uzaqlaşması üçün avtomobilə yaxınlaşdım və ona təcili olaraq həyəti tərk etməyini bildirdim. Sonradan mənə məlum oldu ki, qardaşım barəmdə Daxili İşlər Nazirliyinin “102” xidməti mərkəzi zəng sisteminə məlumat verib, ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edib”. 
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, qardaşı ilə barışdığını deyib. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Hakim təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Ülvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top