Bir neçə televiziyaya xəbərdarlıq edildi

MEDİA 21 noy 2022, 19:01
Audiovizual Şura “Space TV”, MTV və ATV televiziya redaksiyalarına (kanallarına) xəbərdarlıq edib.

Bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, Şuranın onlayn formatda iclası keçirilib və iclasda Şuraya daxil olmuş şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində “Space TV” və MTV redaksiyalarının (kanallarının) efirində aşkarlanmış qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.

“Space TV” redaksiyasının (kanalının) efirində 12.10.2022-ci il və 13.10.2022-ci il tarixlərdə saat 12.00-14.45 arası yayımlanan “Gəl danış” və MTV redaksiyasının (kanalının) efirində 18.10.2022-ci il və 19.10.2022-ci il tarixlərdə saat 13.00-15.00 arası yayımlanan “Ümid ilə gəl” proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs tərəfindən həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədilib.

Bu isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin (“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.

İclasda həmçinin ATV redaksiyasının (kanalının) efirində 17.11.2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikası Qanununun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin (“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub.
Belə ki, saat 12.00-13.50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.

Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş verib. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməmiş və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Space TV” redaksiyasına və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin ATV redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan “Muz TV Azərbaycan” MMC-nin MTV redaksiyasına xəbərdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top