“Yüngül musiqilər bəzən şəhvət hissləri aşılayır...” — Xeyrəddin Qoca

SOSİAL 21 noy 2022, 13:27
“Sual verirsiniz ki, gənclər niyə bayağı musiqilərə qulaq asıb həyat tərzlərini müəyyənləşdirirlər? Əvvəla, gənclərə gecə-gündüz məhz, bayağı musiqilər təqdim edirlər. Yəni ən böyük məsuliyyət gənclərə belə musiqilər təbliğ edənlərin üzərinə düşür! Azərbaycan efirləri belə musiqilərlə doldurulur! Gənclər də elə bilirlər ki, Azərbaycan musiqiləri elə bunlardan ibarətdir!”

Bu fikirləri Demokrat.az-a açıqlamasında yazıçı, publisist, sabiq deputat Xeyrəddin Qoca deyib. 

“Fəlsəfi musiqi olan muğamları dinləmək, onları dərk etmək  asan deyil. Çünki muğamlarda qəzəl var, xalqın ağrı-acısı var, insanların fikir və düşüncələri var. Gənclər isə asan yola üz tuturlar, asan həyat tərzi ilə yaşamaq istəyirlər, çox düşünüb başlarını sındırmaq istəmirlər. Nəticədə yüngül danışırlar, yüngül rəqs edirlər, yüngül geyinirlər, yüngül həyat qururlar! Bütün bunların nəticəsində bu gün evlənib, sabah boşanırlar, ailələr dağılır, uşaqlar yetim qalır! Lakin bunlar təkcə yüngül musiqilərlə əlaqədar deyil, əsla! Amma yüngül musiqilərin də rolu az deyil. Yüngül musiqilər bəzən şəhvət hissləri aşılayır, gənclərin tərbiyəsinə təsir edir, gəncləri yüngül həyat tərzinə sövq edir. Ona görə də deyirlər ki, muğamları başa düşməyə baş lazımdır, yüngül musiqilərə isə ayaq! Şit bayağı musiqilərdən, mənasız söz yığınından ibarət mahnılar onlara qulaq asanları da yüngülləşdirir, belələri yüngül düşünürlər, yüngül hərəkətlərə yol verirlər! Gözəl, mənalı, məzmunlu musiqilər isə beyinləri inkişaf etdirir, dinləyicilər belə musiqilərdən, mahnılardan nə isə öyrənirlər. Atılıb-düşməyə, çırtma çalıb oynamağa nə var ki? Yuxarıda dedim axı, dərinliyi olan, fəlsəfi düşüncələrdən, mənalı şeiriyyətdın bəhrələnmək olar və lazımdır!

Bu haqda çox yazmaq olar və yazmışıq. Lakin gənclər belə yazıları oxumurlar, ya da oxuyanda bir şey öyrənmək əvəzinə, lağa qoyurlar! İndi siz sual verdiniz, mən də cavab verdim! Nəsə bir şey anlasalar, mənə də bildirməyinizi xahiş edirəm... “

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top