Bakıda qəssab işdən çıxan gəncə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 21 noy 2022, 10:21
Bakının Suraxanı rayonunda 1995-ci il təvəllüdlü Əvəz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Rəşada (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Əvəz əvvəllər tanımadığı Rəşadı söyüş üstündə döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Əvəzin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əvəz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Ballı” marketin yanında yerləşən ət satılan yerdə qəssab işləyir: “Hadisə günü, saat 20 radələrində həmin yerdə köşk 188-in qarşısında dayanaraq yoldaşları ilə söhbətləşdik. Bu zaman köşkün qarşısında sonradan polisdə tanıdığım Rəşad və Əlini gördüm. Həmin vaxt Əli taksi kimi sürdüyü “VAZ-21015” markalı avtomobilini arxaya verdi, köşkün qarşısında səkiyə yaxın saxlamaq istəyəndə avtomobilin arxa tərəfi orada dayanmış Rəşadın yanında olan şəxsə çox yüngülcə dəydi. Bu zaman Rəşad avtomobilinin qapısını açdı və sürücüyə söyüş etdi, kişini vurduğuna görə hərbə-zorba gəlməyə başladı. Bu zaman dava böyüdü. Rəşad sürücü ilə əlbəyaxa oldu. Mən isə onları aralaşdırmaq istədim. İçkili vəziyyətdə olan Rəşad sürücüdən əl çəkdi, məndən yapışdı və mənə “sən kimsən ki, mənim qarşımı kəsirsən” deyərək mübahisə etməyə başladı. Rəşadı itələyə-itələyə köşkün böyrünə apardım. Orada biri-birimiz ilə dartışsaq da, söyüş olmadığı üçün bir-birimizi vurmadıq. Daha sonra Rəşad aptekin qarşısına getdi. Ancaq taksilərdən heç kim onu götürmək istəmədi. Rəşad əvvəlcə ümumi söyüşlər etsə də, sonradan konkret olaraq mənim ünvanıma söyüş etməyə başladı. Belə olan halda  Rəşadın dəfələrlə söyməsinə dözə bilmədim və hirsli olduğum üçün  onun yanına yaxınlaşdım. Ona çatan kimi sağ əlim ilə qəsdən atdığım elə birinci yumruq zərbəsi sifətinin sol tərəfindən dəydi. Rəşad yumruq zərbəsindən səndələyərək arxası üstə yerə yıxıldı. Başı aptekin qarşısında bərk asfalt yerə dəydi. Görəndə ki, Rəşadın vəziyyəti pisdir, orada olan adamların məsləhəti ilə hadisə yerindən getdim”.

Zərərçəkmiş Rəşadın sözlərinə görə,Yeni-Günəşli qəsəbəsində yerləşən Beton zavodunda gözətçi işləyib: “Hadisə günü günortadan sonra iş yoldaşım Maksumla zavoddan çıxdım və “Ballı” Marketin yanında olan kafelərdən birinə getdik. İkimizə bir şüşə araq içməklə yemək yedik. Bundan sonra saat 15 radələrində kafenin qarşısına düşdük. Mşın təmiri sexinin yanında dayanaraq söhbət etdik. Həmin vaxtı “VAZ-21015” markalı avtomobil arxaya doğru hərəkət edəndə iş yoldaşım Maksuma yüngülcə dəydi. Buna görə Maksum həmin sürücünü söydü. Maksuma görə həmin avtomobilin sürücü tərəfdən qapısını açıb sürücüyə “korsan, niyə vurursan” dedi. Sürücü isə üzr istəyərək görmədiyini bildirdi. Həmin vaxtı sağ tərəfdə olan dükanların qabağından sonradan adını bildiyim Əvəz mənə yaxınlaşaraq “taksi sürücüsünü təkləmisiniz, niyə söyüş söyürsünüz” dedi. Həmin oğlana “məsələni özümüz həll edirik, sən niyə qarışırsan” deyərək cavab verdim. Həmin oğlan da mənə “burda bir nəfər söz deyən var, o da mənəm” deyərək cavab verdiyinə görə aramızda mübahisə baş verdi. Elə həmin vaxt həmin oğlan dəqiq görmədiyim küt alət ilə bir dəfə başımdan vurdu. Mən də yerə yıxıldım. Başı yerə dəydi və sonra olan hadisələr isə yadımda deyil”. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top