Bakının bu ünvanında yaşayan keçmiş məcburi köçkünlər Qarabağa köçürüləcəklər — VİDEO

SOSİAL 17 noy 2022, 22:14
Bakının mərkəzində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan keçmiş məcbur köçkünlərin yaşadığı yataqxana acınacaqlı vəziyyətdədir.

Binanın tavanı hər an çökə bilər. Hər dəfə yağış yağanda mənzillərə su damır.

Qeyri - standart formada çəkilmiş elektrik xətləri də təhlükə saçır.

Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən yataqxanadan gedir.

Sakinlərin sözlərinə görə, 2017-ci ildə yaxınlıqdan keçən yolun genişləndirilməsi üçün binanın söküləcəyi ilə bağlı onlara məlumat verililib.

Bu məqsədlə yataqxanada yaşayan məcburi köçkün olmayan 70 ailəyə kompensasiya ödənilib və onlar köçüblər. Ancaq 53 məcburi köçkün ailəsi hələ də yataqxanada yaşayır.

Sakinlər tezliklə yataqxanadan köçürülmələrini istəyirlər.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şifahi olaraq bildirildi ki, adıçəkilən ünvanda məskunlaşmış ailələrin vəziyyətindən xəbərdardırlar.

''Komitənin mənzil fondunda boş yaşayış sahələri yoxdur. Həmin vətəndaşlar üçün bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə evlər tikiləcək.

Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yaşayış sahələri ilə təmin olunacaqlar'',- deyə məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top