Fransız ikiüzlüyü: soyqırımıların memarı Azərbaycana hücum edir...

TƏHLİL 16 noy 2022, 17:00
Fransa bacısı Ermənistanı qorumaq məqsədilə Azərbaycana qarşı qətnaməni qəbul etdi. Senatın qəbul etdiyi qətnamə əslində gözlənilən idi, çünki Makron Administrasiyası son iki ildə Azərbaycan əleyhinə sistemli şəkildə siyasət aparır. Bu, 44 günlük Vətən müharibəsi və müharibədən sonra daha açıq şəkildə müşahidə edilir.

Makron son müsahibələrinin birində də Ermənistanı bütün vasitələrlə müdafiə edəcəklərini elan etdi və Azərbaycana qarşı ittihamlar səsləndirdi. Bu prosesin davamı olaraq da Senat Azərbaycanın suverenliyini təhdid edən qətnamə qəbul etdi.

Qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi çağırışı edilir. O cümlədən, rəsmi Bakı Ermənistana “hücum etməkdə” ittiham olunur. Senat Makrondan tələb edir ki, “Ermənistanın müdafiə qabiliyyətinin artırılmasını” həyata keçirsin, Qarabağda “humanitar ofis” açsın, Azərbaycana qarşı bütün vasitələrlə hücum edilsin.

Bütün bunlarla yanaşı, qətnamədə Fransanın “Qarabağın müstəqilliyinin” tanınması siyasətinə sadiqlik vurğulanır.

Bu o deməkdir ki, Fransa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmir, Qarabağdakı separatçı-terrorçuları ayrı “dövlət” hesab edir. 

Bu qətnamədən sonra Fransanın Azərbaycan-Emənistan münasibətlərində vasitəçilik etməsi məsələsi bir daha mümkünsüz hala çevrildi. Makron hələ də bu istəyindən əl çəkmir, onun Senatda qətnamənin müzakirəsindən öncə Azərbaycan Prezidentinə zəng etməsi də “vasitəçilik missiyası”nın saxlanılmasına hesablanmışdı. Bu zəngdən sonra Senatda qətnamə qəbul edilməsəydi, rəsmi Bakı bu haqda düşünə bilərdi. Lakin qətnamənin müzakirəsində iştirak edən 296 senatordan 295-nin lehinə səs verməsi, müzakirələri izləyən Fransa xarici işlər nazirinin buna etiraz etməməsi Makronun, ümumilikdə bu ölkənin ikiüzlü siyasətinin növbəti dəfə ispat olunmasıdır. Hətta, qəbul edilən qətnamə praktiki mərhələdə icra edilməsə belə artıq Fransanın Cənubi Qafqazda sülh üçün çalışması, hansısa məsələdə iştirakı mümkünsüzdür.

Bu həm də Azərbaycan xalqının rəsmi Bakı qarşısında əsas tələbinə çevrilir. Çünki söhbət birbaşa Azərbaycanın dövlət suverenliyinin tanınmamasından, separatçı-terrorçulara dəstəkdən gedir və belə bir ölkənin təkcə Azərbaycanın yox, həm də bölgədəki sülhə heç bir töhfə verməyəcəyi aksiomadır.

Qətnamədə Azərbaycanı “təcavüz”də ittiham edən Fransanın tarixi isə soyqırımılarla, təcavüzlərlə zəngindir. Afrikanın qara və qanlı tarixi də məhz Fransanın gerçək simasıdır. 

Bu ölkə tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib, Fransa tarixin ən böyük soyqırımılarından birini törədib və bu soyqırımı bir əsrdən çox davam etdirib. 

Tarix unutmayıb ki, fransızlar 1832-ci ildə El-Uffia qəbiləsini gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 

1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli qətlə yetirilib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub.

İrqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlər “Fransanın ərəb müsəlmanları” adlandırılıb, əhalinin torpaq və mülkləri əllərindən alınıb. Bu gün də Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina edir.

Belə bir ölkənin Azərbaycanı öz suverenliyini təmin etmək üçün işğalçıya qarşı apardığı müqəddəs mübarizəsini “təcavüz” adlandırması Fransanın ikiüzlülüyünün və həyasızlığının ən açıq formasıdır. 

Eyni həyazıslığı bu gün Fransa ilə yanaşı, İran da edir. Ermənistanın maraqlarını bu qədər açıq və həyasızcasına müdafiə edən iki ölkə varsa, biri Fransa, digəri İrandır. Hər iki ölkənin ortaq nöqtəsi Ermənistandır və hər iki ölkə ermənilər uğrunda yarışa çıxıb. Amma nə Fransa, nə də İran Azərbaycanı yolundan döndərə bilməz, çünki biz haqlıyıq və Prezident İlham Əliyevin də dediyi kimi, bütün beynəlxalq oyunçular bu haqlı mövqeyimizi qəbul edir.



Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top