"Qarabağ Zəfərini Prezident İlham Əliyevin yaratdığı milli birliyin, inamın sayəsində qazandıq"

GÜNDƏM 07 noy 2022, 19:15
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərindən iki il ötür. Prezident İlham Əliyevin, xalqımızın və qəhrəman Ordumuzun vəhdətindən yaranan Qarabağ Zəfəri bizlərə misli-bərabəri olmayan sevinc yaşatmaqla yanaşı, həm də Azərbaycan dövlətinin gücünü və qüdrətini bütün dünyaya göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

S.Kərimli vurğulayıb ki, elə buna görə də Azərbaycan xalqı haqlı olaraq öz dövləti və Prezidenti ilə fəxr edir, qürur duyur. Çünki yüzilliklər boyu işğallara, torpaq itkilərinə, soyqırımlara, faciələrə məruz qalan, məğlubiyyətlərə uğrayan Azərbaycan xalqı, nəhayət, tarixi qələbələrin sevincini daddı.

“Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və müdrikliyi ilə qazanılan Qarabağ Zəfəri, ərazi bütövlüyümüzün bərpa olunması xalqımızın başını uca etdi, bükülmüş qəddimizi düzəltdi, zədələnmiş milli qürurumuzu özümüzə qaytardı.

Dünya tarixində çox qəhrəmanlar, qələbələr qazanan çox sərkərdələr, xalqının, dövlətinin mənafeyini qoruyan çox liderlər olub. Amma Prezident İlham Əliyev fərqlidir, özünəməxsusdur, onun əldə etdiyi uğurlar, qazandığı qələbələr bənzərsizdir. Çünki, o, mümkünsüzü mümkünə çevirən Liderdir. Bütün cəbhələrə təkbaşına döyüşən, Azərbaycanın haqq səsini dünyaya çatdıran, Qarabağ kimi mürəkkəb problemi həll edən məhz odur. Bütün bu xidmətləri dövlətimizin başçısını Azərbaycan xalqının gözündə ucadan da uca edib, xalqın ürəyində əbədi Liderə çevirib”, - deyə S.Kərimli qeyd edib.
Siyasi ekspert bildirib ki, ata vəsiyyətini yerinə yetirən Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin etimadını doğruldub, öz qəhrəman ordusu ilə Qarabağı, Şərqi Zəngəzuru azad edib. Azərbaycanın döyünən ürəyi Şuşada üçrəngli bayrağımızı ucaldıb, tarixi ədaləti bərpa edib.

Bu gün Azərbaycanın tarixdə heç vaxt olmadığı qədər güclü və qüdrətli olduğunu söyləyən S.Kərimli deyib: “Biz dünyanın ən qürurlu xalqına çevrilmişik, alnımız açıq, başımız uca gəzirik. 30 il işğal altında saxlanılan torpaqlarımızı cəmi 44 günə azad etdik, bənzərsiz Qələbə qazandıq. Bəli, biz bunu bacardıq. Zəfərimizi Prezident İlham Əliyevin yaratdığı milli birliyin, dəmir yumruğun, inamın sayəsində əldə etdik. Çünki Azərbaycan Prezidenti qətiyyətlidir, dəmir iradəlidir, qüdrətlidir.

Prezident İlham Əliyev Şuşaya “Əziz Şuşa” deyərək müraciət etmişdi. Biz də ona “əziz Prezident” deyə xitab edirik. Çünki Prezident İlham Əliyev Azərbaycan, Qarabağ və Şuşa qədər əzizdir, dəyərlidir”.

Dövlətinə, xalqına, Vətəninə məhəbbətin, sevginin Azərbaycan Liderinin canında, qanında olduğunu vurğulayan siyasi ekspert bildirib ki, dövlətimizin başçısı bütün fəaliyyəti boyu bu amal uğrunda çalışıb, həyatını xalqına, dövlətinə həsr edib. Azərbaycanın milli maraqlarını şərəflə qoruyan dövlətimizin başçısının siyasətinin mərkəzində həmişə Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi dayanır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi həm də hərbi müstəvidə qüdrətlidir.

“Prezident İlham Əliyevin uğurlarından biri də odur ki, hakimiyyəti illərində vətənpərvər gənc nəsil yetişdirdi. Bu illər ərzində böyüyən, milli-mənəvi dəyərlər ruhunda formalaşan gənc nəsil Qarabağ uğrunda qəhrəmanlıqla döyüşdü, inanılmaz şücaətlər göstərdi. Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfərimiz xalqımızın qürur mənbəyidir. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu möhtəşəm Qələbə bizlərə əbədi fəxr yaşadacaq”, - deyə S. Kərimli qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top