Güneyliləri edamla yox, qəsdən maşın qəzası ilə öldürürlər — İranda azərbaycanlılara qarşı törədilən VƏHŞİLİKLƏR

MÜSAHİBƏ 05 noy 2022, 21:32
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü Əhməd Obalının Demokrat.az saytına verdiyi müsahibəsini təqdim edirik:

-    Əhməd müəllimi, İranda güney azərbaycanlıların hüquqlarının pozulduğu bildirilir. Siz bu barədə nə deyərdiniz? 

-    İslam qanunlarına görə İran dövləti qadınların bir çox hüquqlarını məhdudlaşdırıb. Həmçinin, o qanunlardan istifadə edib qadınların siğə olunması, paltar geyimlərinə diqqət edilməsi, hicab məsələsinə, saçının görünməməsi və s. kimi müdaxilələr var. Qeyd edim ki, tək qadınlara deyil, eyni zamanda kişilərə zorla “Allahu Əkbər” dedirtməsi, kişilərin saqqalı olmazsa və ya cümə namazlara getməzsə, böyük postlarda ona yer verilməməsi, ümumiyyətlə, idarəyə alınmaması, yəni bu tipli işlər ideoloji dövlətlərin, hakimiyyətlərin elə əsas problemlərindən biri bu olur. Sovet sistemində hər kəs Leninə baba deməsəydi, onu mühüm yerə almırdılar. Burada da hər kəs özünü zahirdə islamçı, dinçi, fanat göstərməsə yuxarılara çıxa bilmir. O baxəmdan bu tək İran molla rejiminin problemi deyil,  ümumiyyətlə ideolojik məsələlərə diqqət edəndə din adı ilə dövlət idarə edən ölkələrin hamısında belədir. Taliban da, İŞİD və ya islamçı dövlətlərdə, elə İranda da belədir. İndi İran fakt olaraq bu işləri ilə dünyanın ən geri qalmış ölkələrin birinə çevrilib. Çünki 1400 il bundan əvvəlki atalar sözü ilə, qaydaları ilə dövlət idarə edir. 21-ci əsrdəki cavan qız və oğlan da 1400 il bundan əvvələ qayıtmaq istəmir, önə baxmaq istəyir. 

-    Azərbaycanlılara qarşı olan repressiyalar barədə danışardınız. Əslində molla rejimi soydaşlarımızı niyə repressiyalara məruz qoyurlar?

-    İranda azərbaycanlılara qarşı bu təqiblər, repressiyaların davamında əlbəttə ki, çox ciddi ziyan görənlər də vardır. Ailələr vardır ki, dağılıb. Ailələr var idi ki, cavan oğlanlar toyunu edib, gəlin evə gedəndən sonra oğlanı zindana aparıblar. Səid Mətin Purun toy etdikdən sonra 8 il həbs cəzası aldı. Halbuki, Səid Mətin Purun ciddi bir günahı yox idi. Ana dilindən milli hüquqlarımızdan müdafiə edirdi. Abbas Lisani Güney Azərbaycan Hərəkatının defaktı olaraq çox dəyərli, tanınmış, milli rəhbəridir. Bu, onu haqq edibdir, qazanıbdır. Hərəkatın rəhbəri güneydə indi Abbas Lisanidir. Bugünədək İranın müxtəlif şəhərlərində zindanlara göndərilib. Bu günə qədər 11 ildən çox cəza çəkibdir. İşgəncələrə məruz qaldıqdan sonra vücudunda, onurğa sümüklərində zədələnmə vardır. Sanki bu bəs deyilmiş deyə, 15 il daha ona həbs veriblər. İndi Ərdəbil həbsxanasında 15 il həbs çəkir. Həbs qurtarandan sonra da iki il sürgünə göndərəcəklər. Yəni, bir insanın ən önəmli dövrü onun 20 yaşı ilə 50 yaşının arasındadırsa, Abbas Lisani bu yaşlarını həbsdə keçirir. Niyə? Çünki ana dilini və milli hüquqlarını istəyir. Bu tipli bizim zindanda əzab çəkən insanlarımız var. Əlirza Fərşi universitetdə kompüter dərsi verirdi. Ana dilini rifah etdiyi üçün, yəni uşaqlara ana dilində nağıl kitabı oxuması üçün onu həbs ediblər. Halbuki bu kitab birinci sinif kitabı idi və burada heç bir siyasi mesaj da yox idi. Buna görə də, indi ona həbsdə işgəncə veriblər. Gözlərinin biri demək olar ki, görmür, o birisini də tamamən itirə bilər. Abbas Lisani həbsxanada çolaq ola bilər, hətta ölə bilər. O qədər dəhşətli bir vəziyyətdədirlər və onları yenə də həbsdə saxlayırlar. 

-    İndi güney azərbaycanlılar durumu necədir? Etiraz edənlər hazırda nələrlə qarşılaşır?

-    Bizim durumumuz Güney Azərbaycanda belədir ki, hər kəs milli hüquqlarını müdafiə edirsə, ən azı işdən atılır və həbs edilir, işgəncələrə məruz qalırlar. Hətta, saxta qəzalarla bəzilərini öldürüblər də. Bu tipli cəzalandırma Güney Azərbaycanda çoxdur. İndi bizim yüzlərlə həbsxanada zindanələrimiz vardır ki, bu etirazlardan əvvəl tutulmuşdular milli hüquqlarımızı müdafiə etdikləri üçün. Həm də İran ana sayasının çərçivəsindədir, bunlar dövlətin qanunundan kənar da bir iş görmürlər. Amma, bu etirazlardan sonra minlərlə insan tutulub. Tək Ərdəbildə dünən aldığımız məlumata görə, 400-dən çox insan həbsxanadan azad olunub. Ona görə ki, zindanlarda yer yoxdur. Bu gün isə həbsxanalarda iki mindən çox yeni tutulan insan  var. Tək balaca Ərdəbil şəhərində, amma indi təsəvvür edin ki, Təbriz şəhəri ondan qat-qat böyükdür, Urmiya da böyükdür. İran həbsxanaları insi məhbuslarla doludur, yer yoxdur. Həbsə alanların bir çoxunu şəhərin kənarında depolarda, anbarlarda saxlayırlar. Budur Güney Azərbaycandakı vəziyyətimiz!

-    Bugünədək güney fəallarından edam olunanlar varmı?

-    Bu günə qədər güney fəallarından kimsə edam olunmayıb, çünki edamlıq cəza kəsə bilmirlər. Edam üçün ya silah götürüb mübarizə etməlidir, ya birini öldürməlidir, ya ciddi bir başqa ölkələrə vətəni satmaqla məşğul olmalıdır. Bunların heç birisi bizdə yoxdur. Bizim hərəkatımız sivildir, mədənidir. Biz zorakılığa qarşıyıq hərəkat olaraq. Onun üçün edam kəsə bilmirlər. Amma edam yerinə saxta qəzalardan adamları öldürüblər. Cəfərzadə fəallımızı qəzada öldürdülər. Ərdəbildə və Təbrizdə öldürülənlərimiz vardır. Yəni, onun üçün edam ilə yox, maşın qəzası ilə öldürülənlər var.  

-    Artıq Cənubi Azərbaycan vilayətlərində milli hərəkatın daha da güclənməsinə rast gəlirik. Sizcə, Cənubi Azərbaycan Cümhuriyyəti qurula bilərmi?

-    Çox sağolun ki, bu sualı soruşursunuz. Bu sual bizim üçün ən önəmli suallardan biridir. Bilirik ki, Güney Azərbaycan bütöv Azərbaycanın bir hissəsi olaraq 1828-ci ildə biz iki dövlət arasında parçalanmışıq. O zamandan bu yana Şimali Azərbaycanda heç olmasa milli dövlətçiliyimiz yenidən bərpa oldu. Sonra yenə də 1990-cı illərdə Azərbaycan Cümhuriyyəti yenidən yarandı. Amma, Cənubi Azərbaycanda əvvəllər Qacarlar hakimiyyətdə olduğu üçün biz özümüzü hakim bilirdik. Amma, şah dövründən bu yana, yəni son 100 ildə artıq Cənubi Azərbaycanda farsçılıq və ya fars dövlətçiliyi hakimdir. Fars mədəniyyəti üstündür, fars dili qalibdir. Bizim dilimiz, kültürümüz, tariximiz qadağa olunubdur. Biz asimilə olmağa məruz qalırıq, yəni, əritmə siyasəti gedir. Tariximizi də, abidələrimizi də məhv edirlər, kökümüzü qurutmaq istəyirlər. Bunun üçün ya biz gərək farslaşaq, ya da özümüzü qorumaq üçün milli dövlət quraq. Bu fikir də Şimali Azərbaycanın yenidən yarandığından sonra 90-cı illərdə Cənubi Azərbaycanda getdikcə güclənir. Biz yavaş-yavaş təşkilatlanırıq. Hərçənd ki, içəridə təşkilatlanmağa icazə vermirlər və xaricdə edirik. Mən özüm Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq əlaqələri məhsuluyam, yəni bir siyasi təşkilatın üzvüyəm, idarə heyətinin üzvüyəm. Təşkilatlanmaqda da hədəfimiz milli dövlətimizi qurmaqdır.  Bu gün Güney Azərbaycanda da elə bu şüarlar gedir: “Azadlıq, Ədalət, Milli Hökumət“. Yəni, biz öz dövlətimizi qurmazsaq, nə azadlığımız  olacaq, nə demokratiya görəcəyik. Heç bir şey olmayacaq, əgər dövlətimiz olmasa! Bu baxımdan Güney Azərbaycan Milli Hökuməti və ya Azərbaycan Cümhuriyyəti yaranmalıdır. Sual budur ki, yaranacaqmı yoxsa yaranmayacaqmı? Əlbəttə ki, yaranacaq. Geci-tezi var, sadəcə. Amma biz bunu 50-60 il gözləməməliyik. 

-    Sizcə, bunun üçün nələr olmalıdır?

-    Şimali Azərbaycanın daha da güclənməsi üçün, Türk dünyasının bütövləşməsi üçün, Türk dünyasının yolunun açılması üçün Güney Azərbaycan müstəqil olmaldıır. Onun üçün jurnalistlər, ziyalılar, siyasilərimiz, təşkilatlarımız, xalqımız əl-ələ verməli,  Güneyli  və Quzeyli Qarabağ məsələsi ki, belə həll olundu. Şükürlər olsun Azərbaycan Prezidentinin qətiyyəti, kəskinliklə məsələni tutması, siyasi arenada işinin görməsinin nəticəsində, hərbi hazırlığının nəticəsində Qarabağ məsələsi demək olar ki, həll olubdur. Artqı qalanı da Prezidentimizin də dediyi kimi, həll olunmuş sayılır. Bizim indi əsas məsələmiz Güney Azərbaycan Cümhuriyyətinin yaranmasıdır. Güney Azərbaycan Cümhuriyyəti yaranmazsa, İranda yenə də fars hakimiyyəti davam edərsə, erməni məsələsi də həll olunmayacaq. Daimi olaraq onları qızışdıracaqlar, o olmasa başqa problem yaradacaqlar. Azərbaycana düşmənçilik davam edəcək. Bunun üçün biz məsələni kökündən həll etmək üçün Güney Azərbaycan Cümhuriyyətinin yaranmasına ciddi olaraq dövlət, millət, ziyalı, hamı əl-ələ verib iş görməliyik. Bu işin bir hissəsi təşkilatlanmadır. Bir qismi başqa ehtiyaclar vardır ki, onu mətbuatda istımərik ki, danışaq, amma yəqin ki, dövlət də bilir. Azərbaycanın xaricində və daxilində fərq etmir görüşlər keçirilməlidir. Güney azərbaycanlılara imkan yaratmaq lazımdır. Güney Azərbaycanı güneylilər azad etməlidir. Onun üçün də imkanlar da Güney azərbaycanalılara verilməlidir. Eyni zamanda, bütün bunları nəzərə alaraq, həmişə Şimali Azərbaycan dövlətinin daha da güclənməsini və onun güclü qalmasını birinci tuturuq. O dövlət zəifləyərsə, cənuba da pis təsir edəcək. Onun üçün birinci Şimali Azərbaycan dövlətinin dövlətçiliyinin güclənməsini  güclü qalmasını istəyirik. Arzu edirik ki, Şimali Azərbaycan dövləti də biz güneylilərdən Prezidentimizin dediyi kimi, əməldə arxa dura, bizə sahib çıxa, millətimiz də  öz dövləti bilir və daha da çox bilsin. Getdikcə əl-ələ verib, Cənubi Azərbaycanın müstəqil olmasının sürəcini sürətləndirək. Bu proses sürətlə bitməlidir, yəni 20-50 il gözləmək lazım deyil. 

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top