İran-Ermənistan qardaşlığı davam edir — Molla rejimi müqəddəs İslamı alətə çevirib

TƏHLİL 05 noy 2022, 13:13
Adına “İslam Respublikası” sözünü əlavə edən, amma bütün fəaliyyəti anti-İslam olan İran Azərbaycana qarşı hücumlarını açıq müstəviyə keçirib. Əslində, son 30 il ərzində molla rejimi anti-Azərbaycan siyasətini davamlı olaraq həyata keçirirdi, lakin 44 günlük müharibədə işğal altındakı torpaqlarımızın azad edilməsindən sonra regionda dəyişən şərtlər “əmmaməliləri” ciddi narahat etməyə başladı.

Çünki onlar Qarabağın azad edilməsini, Azərbaycanın güclənməsini istəmirlər. Tehran molla rejimi üçün “kabus” olan bu reallığın yaranmasından sonra “İslam Respublikası” İslamı da kənara tulladı, inancı da. Allahın evində donuz saxlayan, İslam müqəddəslərini təhqir edən ölkəyə - Ermənistana daha geniş qucaq açdı. Bir qədər də dəqiqləşdirsək, Ermənistanla qardaşlığını rəsmiləşdirdi.

İran molla rejimi Ermənistanın sərhədlərini “qırmızı xətt” elan etdi və Azərbaycana qarşı açıq təhdidlər yağdırmağa başladı. Heç bir İran vətəndaşının yaşamadığı Qafanda konsulluq açdılar. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda gül-çiçəklə qəbul etdilər.

Paşinyanın Tehranda qarşılanma mərasimi İranın gerçək simasının daha bir nümunəsi hesab edilə bilər. İslamdan, dindən danışan İran İslamı təhqir edən, müsəlmanlara qarşı soyqırımı törətmiş bir ölkənin baş nazirini Qurani-Kərim ayələri ilə qarşıladı. Bu nə deməkdir?!



Molla rejimi üçün İslam dini siyasi alətdən başqa bir şey deyil. İran öz maraqlarına nail olmaq üçün İslamı da satar, şiələri də. Zatən, 30 il ərzində bunun şahidi oluruq. Azərbaycana fətva göndərən mollalar azərbaycanlıları qətlə yetirən Ermənistana silah göndərirlər və onların silahı ilə Azərbaycan əhalisinə qarşı soyqırımılar, qətliamlar törədilib.

Bu gün də eyni siyasət davam edir. Özünü “İslam Respublikası” və şiələrin “hamisi” kimi təqdim edən İran şiələrin qanına əli batmış bir ölkənin rəhbərini qucaqlayır.

- Ermənistanın təhlükəsizliyini İran üzərinə götürür.

- Ermənistan üzərindən yeni nəqliyyat xətləri inşa etməyi planlaşdırır.

- İran Ermənistana qaz ixracının həcmini 100 faiz artırır.

- Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərlərinin sayı-hesabı yoxdur.



İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana planlaşdırılan səfərini təxirə salması da İranın ermənipərəst siyasətinin tərkib hissəsidir. Çünki Ermənistan hazırda əsas ümidini İrana bağlayıb, Paşinyanın Soçidən dərhal sonra Tehrana uçması, üçtərəfli görüş haqqında İbrahim Rəisini məlumatlandırması, İran-Ermənistan sənədlərinin imzalanması və verilən bəyanatlar İrəvan və Tehranın bir çatı altına girdiyinin əyani nümayişi idi. Belə bir məqamda spiker Qalibafın Azərbaycana səfəri İranın qardaşı Ermənistanda narazılıq yarada bilərdi deyə Tehran rejimi səfəri son anda təxirə saldı.

Artıq molla rejiminin gerçək siması açıq şəkildə görünür və bir daha aydın olur ki, İranın nə İslama, nə də İslamın şiə məzhəbinə aidiyyəti yoxdur. Molla rejimi müqəddəs dinimizi özünün maraqları naminə alətə çevirməyə davam edir...

Azərbaycanın inanclı insanları isə İran rejiminin İslam və şiə məzhəbindən alət kimi istifadə etməsinə imkan verməməli, mollalara qarşı mübarizəni daha da genişəndirməlidir. Çünki İranın molla hakimiyyəti İslama və müsəlmançılığa təhqirdir!


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top