“Əkrəm Əylislini ədəbiyyatdan silmək olmaz, gözəl əsərləri var” — Anardan AÇIQLAMA

ƏDƏBİYYAT 03 noy 2022, 21:21
“Əkrəm Əylislini Azərbaycan ədəbiyyatından silib atmaq olmaz. Əkrəm gözəl əsərlər müəllifi olub”.

Bu  sözləri APA-ya müsahibəsində xalq yazıçısı, AYB-nin sədri Anar bildirib.

Onun sözlərinə görə, “Daş yuxuları” əsəri zərərlidir:  “Namərdlik edib. Lakin bu, Əkrəmi Azərbaycan ədəbiyyatından silib atmaq demək deyil. Əkrəm gözəl əsərlər müəllifi olub. Hətta Elmlər Akademiyası ədəbiyyat tarixi haqqında əsər tərtib edir, mən təklif etmişəm ki, mütləq orada Əkrəmə dair, əvvəlki əsərlərinə dair fəsil olmalıdır. “Daş yuxular” bədii cəhətdən də sıfırdır. Amma bu o demək deyil ki, onun digər əsərlərini görməmək lazımdır”-deyə Anar vurğulayıb.

Bu yaxınlarda kitab sərgisində oxucuların Əkrəm Əylisli ilə uzun müddətdən sonra görüşünə sevindiyini deyən Anar bildirib ki, “yazıçı silinib atılmamalıdır”: Mən buna sevinirəm, silinib atılmamalıdır. Bilirsiniz, o çox tərs adamdır. Bircə dəfə desə ki, o mətni yazmaqda düz eləməmişəm, gərək yazmayaydım, xalq da onu bağışlayar, məncə”.
Anar deyib ki, Əkrəm Əylisli “Daş yuxular” əsərini Nobel mükafatı almaq üçün yazmışdı. “Kimdir axı ona Nobel verən? Orxan Pamuk bir kəlmə söz dedi, aldı. Amma sən bu boyda bir şey yazdın. Guya o əsərin nə qiyməti var ki, Nobel də versinlər”.

AYB sədri bildirib ki, Əkrəmlə zamanında möhkəm dost olub: “Mən vaxtilə onun haqqında “Komsomolskaya pravda”da rus dilində yazdığım məqaləni tərcümə edib 2 il qabaq “Azərbaycan” jurnalında çap elətdirdim. Baxmayaraq ki, mənim haqqımda, atam haqqında nələr deyib, nələr yazıb. Bu adam “Azərbaycan” jurnalını görmür, oxumur? Mən onun üçün bu addımı atıramsa, bəs o niyə atmır? Heç onun “sağ ol” deməsini arzu eləmirəm, deməsin, sadəcə zəng edib desin ki, oxudum”.

“Əkrəm Əylisli ilə bu yaşda barışmaq zərurəti hiss edirsiniz?” sualına cavabında deyib ki, vaxtilə Əkrəm haqqında yazdığı yazını “Azərbaycan” jurnalında yenidən çap etməklə ona qarşı addım atıb: “Başqa nə edə bilərəm? O, bu addımı görməzdən gəlir, eləmir, canı sağ olsun”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top