Əli Kərimlinin “mitinqi”: özü gəlmədi, əvəzində pulu gəlir...

TƏHLİL 26 okt 2022, 10:52
AXCP sədri Əli Kərimlinin “təyin etdiyi” və “baş tutduğu” deyilən piketi (piket demək də çətindir) videogörüntülərinə baxanda bir nəticə hasil olur: ya bunlar xalqı dolayıb, ya da özlərini.

Təsəvvür edin, piketdən öncə Əli Kərimli günlərlə kampaniya apardı və mitinqin təşkili təcrübəsinə görə xalqı mitinqə çağırmaq əvəzinə, bunu “xalqın tələbi” kimi təqdim etdi. Sanki xalq Əli Kərimlidən onlara “liderlik” etməsini və mitinq təyin etməsini gecə-gündüz tələb edir. 

Nəhayət, onların iddia etdiyi “böyük gün” gəlib çatdı. Hətta, “böyük gündən” bir gün öncə AXCP düşərgəsinin sosial şəbəkə hesablarında belə yazırdılar: “Hakimiyyətin son gecəsi”. Yəni “sabah hakimiyyəti etiraz yolu ilə devirəcəklər”. Əli Kərimli özü isə “mitinq istəmirdiniz, təyin etdik” kimi özündənrazı fikirlər yazırdı...

Azərbaycanın siyasi cameəsini, elə AXCP-ni və onun gücünü bilməyənlər üçün bu çağırışlar, bu qeydlər elə təsəvvür formalaşdırır ki, yüzminlik mitinq olacaq. 

Bu qədər şişirdilmiş, populist çağırışlardan sonra “böyük gün” dedikləri mitinqə, piketə, daha dəqiq desək, metro qarşısında təyin edilmiş görüşə barmaqla sayıla biləcək qədər adam gəldi. Təxminən 50, yaxud 60 nəfər olardı, ya yox. İştirakçıdan daha çox jurnalistlər və “press kart” taxmış şəxslər gözə dəyirdi.

Metronun qarşısında görüşdülər, sonra da dağılışdılar. O qədər populist çıxışlardan sonra real mənzərə təəccüblü deyil. Çünki Əli Kərimlinin də, onun dəstəsinin də sosial bazası bəllidir. Məhz sosial bazaları olmadıqları üçün bütün fəaliyyətlərini sosial şəbəkələrə köçürüblər. Çünki əksəriyyəti feyk profillər olan bəyənmə sayı ilə “güclü” görünməyə çalışırlar. Reallıq isə keçirdikləri piket-görüşdən ibarətdir.

Əli Kərimli normal siyasətçi olsaydı, barmaqla sayılacaq qədər iştirakçının olduğu piketdən sonra siyasətdən getdiyini elan edərdi. Çünki iddiaları və potensialı arasında böyük uçurum var. AXCP sədri isə kiçik piketi “çoxminli mitinq” kimi sırımağa çalışır, fotosessiyalar yayır. Atalar demişkən, “utanmasan, oynamağa nə var ki”. 

Amma Əli Kərimli utanmır, utanmaq fikri də yoxdur. Çünki bütün bunlara biznes olaraq baxır...



Keçirilən piket-görüş nəyəsə etiraz etmək deyildi. Xeyr, bu sadəcə siyasi biznesin bir hissəsi idi və AXCP sədrinin cibinə qalaq-qalaq pullar gələcək.

Həm bu piketlə xaricdən aldığı maliyyəni davam etdirəcək. Bəllidir ki, sifariş məhz xaricdəki maliyyə mənbələrindən gəlib. Qəfil “mitinq” təyin etməsi də bunu deməyə əsas verir.

Həm də piketə həm iştirakçı, həm də “jurnalist” kimi gələnlər Əli Kərimliyə ödəniş edəcək. Bunun mexanizmi bəllidir. Belə “mitinq”ə gələnlər foto çəkdirir, xüsusilə polislə qarşıdurmaya getməyə can atırlar, çünki həmin qarşıdurma anının fotosu onlara “siyasi mühacir” olaraq köçməyə və “oturum almaq hüququ” qazanmağa imkan verir. “Jurnalist” adı ilə qatılanların əksəriyyəti də “mitinqi işıqlandırdığım üçün təzyiqlərə məruz qalıram” iddiası ilə xaricdə yaşamaq hüququ əldə edə bilirlər. Bu məsələdə əsas dəstək verən Əli Kərimlidir. Lakin bu dəstək təkcə belə “mitinq”lərin keçirilməsi yox, həm də AXCP-nin möhürü ilə arayış verməkdən ibarətdir. Mitinqdən foto və AXCP-nin arayışını əldə edənlər Avropa ölkələrinə gedir, “siyasi mühacir” olaraq yaşamaq hüququ əldə edə bilirlər. Bunun qarşılığında təbii ki, Əli Kərimliyə ödəniş edilir və bu ödəniş dördrəqəmli olmalıdır.

Əli Kərimlinin təyin etdiyi “mitinq” və “mitinq” adı ilə keçirdiyi görüşün bütün mahiyyəti bundan ibarətdir. AXCP sədri “utanmadan oynamağa” davam edir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top