Qərbin koloniyasına çevrilən Ermənistan və buna səssiz qalan İranın riyakarlığı…

TƏHLİL 21 okt 2022, 15:15
Yaxud da “Ukrayna tələsi”ndə olan Rusiya və Qafqazda oyun quran Fransa-İranın müttəfiqliyi…

Artıq bir neçə gündür İranın Azərbaycanla sərhəddə iri miqyaslı hərbi təlim keçməsi, Fransanın təşəbbüsü ilə Avropa təsisatlarının əməkdaşlarından ibarət 400 nəfərlik müşahidə missiyasının Ermənistana səfərinin təşkili kimi xəbər və təhlili yazılar mətbuatın əsas gündəmində yer alıb. Əlbəttə ki, hər iki məsələnin Azərbaycanla bağlılığının sübutuna ehtiyac yoxdur. İnkar edilməyən faktdır ki, bu gün Ermənistanın atdığı bütün addımlarda özünü güclü Azərbaycandan qorumaq instinkti üstünlük təşkil edir. Bəs İranın Azərbaycana qarşı təhdidedici addımlarında, o cümlədən Ermənistanın Qərbin koloniyasına çevrilməsinə etiraz etməməsinin əsasında nə durur? Axı İranın siyasi-ideoloji doktorinasında əsas istiqamətlərdən biri də Qərbin bölgədə güclənməsinə qarşı mübarizə aparmaqdır…

Ortaya müxtəlif cavablardan ibarət ənənəvi arqumentlər qoymaq olar. Əlbəttə hər biri bu və ya digər şəkildə həqiqətə uyğun hesab oluna da bilər. Lakin bir çox hallarda İranın Ermənistana olan münasibətində vacib amil ya udulur ya da İslam amili bu dövlətlə bağlı həqiqəti gizlədə bilir.

Kiçik bir haşiyədən sonra bundan irəli gələn bəzi məsələlərin izahını verməyə çalışacağam.

Haşiyə: Fransanın Azərbaycandakı səfirliyində qısamüddətli təcrübə keçən bir fransızla Bakıda keçirilən ADEX-2014 müdafiə sənayesi sərgisində tanış oldum. Təxminən 2 aya yaxın müddətdə onunla bir neçə dəfə ünsiyyətim oldu. Bu şəxs Parisin tanınmış ailələrindən birinin övladı və dünyanın nüfuzlu ali məktəblərindən olan Sorbonne Universitetinin məzunudur. Söhbət əsnasında ABŞ-ın – Qərbin sanksiyalarına rəğmən Fransanın İranla əlaqələrinin hələ də mövcudluğu məni maraqlandırmışdı. O, Sorbonne Universitetinin yaşlı müəllimlərindən birinin fikrini mənə deməklə, sualıma cavab vermiş oldu. O bildirdi: “ABŞ son 300 ilin dövlətidir. Dünya hökmranlığına isə son 150 ildir başlayıb. Fransa-İran əlaqələrinin yaşı isə ABŞ-ın mövcudluğundan azı 2 dəfə çoxdur. Bir əsr sonra ABŞ adlı dövlətin olub-olmayacağı isə bəlli deyil. İndi İran adlanan ərazidə dövlət və fransız dövləti hər zaman olacaq və biz də bu ölkə ilə əlaqələri davam etdirməliyik”.

Bu haşiyəyə diqqəti yönəldərək əvvəlcə onu qeyd etmək istəyirəm ki, bir çox hallarda ölkələrin beynəlxalq siyasi əlaqələri təhlil olunarkən, tarixi amillər unudulur. Bu unutqanlıq isə dostu düşməndən ayırmağa mane olmaqla yanaşı, yanlış qərarlarla nəticələnə bilir.

Məsələyə bu kontekstdə yanaşsaq deyə bilərik ki, regionda Fransanın siyasi müttəfiqi kimi rol alan əsas ölkə İrandır. Bunu təsdiqləyən kifayət qədər tarixi faktlar mövcuddur. Hazırkı vəziyyətdə də Ermənistanı Rusiyanın təzyiqindən qorumağa çalışan Fransa, rəsmi Moskva ilə isti münasibətləri olan Azərbaycanı da neytrallaşdırmaq üçün İrandan istifadə etməyə çalışır. Yaxudda, İran bunda maraqlıdır.

İran Qafqaz siyasətində Rusiya və Böyük Britaniyanı bölgədən çıxartmaq üçün Fransa ilə əməkdaşlıqda olduğu artıq gün kimi aydındır. Ermənistan isə bu prosesdə keçid körpüsüdür. Çünki İran 2020-ci ildə 44 günlük Ermənistan-Azərbaycan müharibəsindən sonra təsir imkanlarının zəiflədiyini gördü. Bölgədə yeni hərbi-siyasi və iqtisadi formatın yarandığı da artıq ona  bəllidir. Bütün bunlar isə İranın həm Azərbaycana, həm də Ermənistana olan iqtisadi rıçaqlarını sıradan çıxardır. Dolayısı ilə Tehranın “Şimali İran” xülyası puç olur. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması da yumşaq desək, İranı Mərkəzi Asiya-Cənubi Qafqaz üzərindən hərəkət edəcək böyük iqtisadi-logistik layihələrdən kənarda qalacağı deməkdir. Ən əsası isə Rusiya, Türkiyə və Azərbaycanın Cənubi Qafqazdakı üstünlüyünü təmin edəcək faktordur. Təbii ki, bu amillər Qafqazda güclənmək istəyən Fransanın və öz mövqelərini qorumağa çalışan İranın siyasi baxışları ilə üst-üstə düşür. Belə qənaətə gəlsək, İran və Fransa Cənubi Qafqaz siyasətində müttəfiqdir.

Fransanın qarşısında duran məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin həllində yer almaqla bölgədə güclənmək, İranın istəyi isə gələcəkdə siyasi gedişlər üçün ona mane olacaq Zəngəzur dəhlizinin reallaşdırılmasının qarşısını almaqdır. Artıq Qərbin bazasına çevrilən Ermənistana qarşı heç bir addım atmayan İranın riyakarlığı da məhz, bununla bağlıdır. Yəni siyasi doktorinasında qeyd olunan “Qərbin bölgəyə gəlməsinin qarşısı alınmalıdır” kimi müddəalar söz yığınıdır və heç bir strateji məramı yoxdur. Rusiyanın “Ukrayna tələsi”ndə olmasından yararlanmaq istəyən bu cütlük, maksimum nəticə əldə etmək niyyətindədirlər.

Sual oluna bilər, bəs İran-Rusiya strateji əlaqələri, rəsmi Tehranın İslam faktorundan irəli gələrək, qırmızı xətt hesab etdiyi Qərblə – Fransa ilə əməkdaşlığı, din qardaşı olan azərbaycanlıları deyil, Ermənistanı – erməniləri xilas etmək cəhdlərinin cavabı necə olacaq?

Ümid etməliyik ki, Ermənistanın Qərbin hərbi-siyasi bazasına çevrilməsinin və NATO-nun bölgədəki hegemonluğunun qarşısının alınması üçün Rusiya Avropa istiqamətində daha güclü olacaq və nəhayətdə İrandakı strateji təzyiq imkanlarından istifadə edəcək.

Sonuncu cümlə sizi çaşdırmasın. Bəli, faktiki olaraq İranın bu günki siyasəti Cənubi Qafqazda Fransanın, yəni NATO-nun, dolayısı ilə ABŞ-ın güclənməsinə xidmət edir. Əgər belə davam edərsə, Azərbaycanda sionist axtarışı ilə məşğul olan İran dövləti yaxın vaxtlarda qardaş dediyi Ermənistanda ABŞ-dan, Avropadan – Fransadan gələn İsrail övladları ilə daha yaxından təmas qura biləcək. Bundan sonra isə İran mollaları Azərbaycana “şükür” edəcəklər. Bu “şükür” onlara kömək olacaq ya yox, bunu artıq zaman göstərəcək.

Təbii ki, bu vəziyyətdə əsas iş Azərbaycanın daha güclü olmasına nail olmaq və mənəvi deyil, dövlətin maraqlarına uyğun hərəkət etməkdir.

Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top